Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifədir
Mədəniyyət xalqlar arasında etibarlı körpü hesab edilir. Qədim adət-ənənələr, tarixi-mədəni irs və incəsənətin müxtəlif sahələri həmişə insanların maraq dairəsində olub.
Azərbaycan ilə özbək xalqları arasında əlaqələrin qədim və zəngin tarixi var. Ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb.
Bu gün iki ölkə arasında siyasi münasibətlər dövlət başçılarımızın müdrik siyasəti və şəxsi dostluqları sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Yüksək səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq layihələrdə iştirak, bədii kollektivlərin qastrolları dərin mədəni əməkdaşlığın göstəricisidir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifədir.
Zəngin proqram üzrə silsilə tədbirlər Azərbaycan mədəniyyət və incəsənətinin qardaş ölkədə növbəti təntənəsi olacaq.
Bu münasibətlə ölkəmizin incəsənət ustaları, bədii kollektivləri, yazarlar, media nümayəndələri Daşkəndə səfər ediblər.
Füzuli və Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz
Mədəniyyət günlərinin proqramına uyğun olaraq, iyunun 11-də Özbəkistan Yazıçılar İttifaqında “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib.
Tədbirdə böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) 530 illik yubileyi münasibətilə söz ustadının əsərlərinin özbək dilində iki cilddə külliyyatının təqdimatı da olub. İkicildlik Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında işıq üzü görüb.
Konfransda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Özbəkistan Yazıçılar İttifaqının sədri Xalq şairi Siracəddin Səid, iki ölkənin ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.
Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səid ölkəsində keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin eyni zamanda ədəbi əlaqələrin inkişafına böyük töhfə olduğunu deyib. Bildirilib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından bəhrələnən Əlişir Nəvai ümumtürk ədəbi fikrinin inkişafına təsir göstərib, xalqlarımız arasında ədəbi-mədəni körpü rolunu oynayıb. O, həmçinin 100 cildlik “Türk ədəbiyyatının inciləri” antologiyasının ərsəyə gəlməsinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirib.
Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış edərək Azərbaycan nümayəndə heyətini salamlayıb. Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirən nazir deyib ki, hər həftə ya Özbəkistanda, ya da Azərbaycanda iki qardaş xalqın ədəbiyyatı, mədəniyyəti və elmi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Hər bir tədbir xalqlarımızı daha da yaxınlaşdırır. O, ötən il Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini xatırladaraq, Azərbaycan Mədəniyyəti Günlərinin də uğurla gerçəkləşəcəyini bildirib.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli konfrans iştirakçılarını salamlayaraq bildirib ki, mədəniyyət günləri tədbirlərinin ədəbiyyata dair konfransla başlanması təsadüfi deyil. Çünki Azərbaycan və Özbəkistan arasında mədəni münasibətlərin əsasında həm də Orta əsərlərdən üzü bəri davam edən ədəbi əlaqələr dayanır.
İki ölkə arasında mədəni əlaqələrin inkişafında dövlət başçılarımızın dostluğunun və qarşılıqlı etimada əsaslanan uğurlu siyasətinin mühüm rol oynadığını deyən nazir bu sahədə siyasətin davamlı olacağına əminliyini bildirib. Qeyd olunub ki, Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.
Məhəmməd Füzulinin külliyyatının özbək dilində nəşrini yüksək qiymətləndirən Adil Kərimli ikicildliyin dahi şairin Özbəkistanda daha yaxından tanınmasına vəsilə olacağını deyib.
Nazir 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan və Özbəkistan gənc yazarlarının iştirakı ilə “Məclisi-fəramuşan” ədəbi məclisinin bərpa olunmasını ölkələrimizin ədəbi əlaqələrinə yeni mühüm töhfə kimi qiymətləndirib.
Konfransda ədəbiyyatşünas, professor Nurboy Cabbarov, Azərbaycan Milli Məclisinin deputatı akademik Nizami Cəfərov, şair, tərcüməçi Mirzo Kenjabek, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun icraçı direktoru Ruhəngiz Cümşüdlünün məruzələri dinlənilib.
Qeyd edilib ki, Əlişir Nəvai və Məhəmməd Füzuli təkcə iki xalqın deyil, ümumtürk ədəbi-mədəni fikrinin inkişafında da müstəsna rol oynayıblar.
Məruzələr ətrafında çıxışlar olub.
Sonda Azərbaycan incəsənət ustalarının iştirakı ilə ədəbi-musiqili kompozisiya təqdim edilib.
Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsi
İyunun 11-də Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı keçirilib.
Mərasimdə çıxış edən Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva kitabxanada Azərbaycan guşəsinin yaradılmasını kollektiv və oxucular üçün əlamətdar hadisə kimi qiymətləndirib.
Direktor diqqətə çatdırıb ki, Özbəkistan Milli Kitabxanasının fondunda Azərbaycana dair 5 min nüsxədən çox kitab var və bu say ildən-ilə artır. Daimi guşədə nümayiş olunan kitab, jurnal və digər çap məhsulları qardaş ölkənin tarix və mədəniyyətinin, ədəbiyyatının təbliğinə öz töhfəsini verəcək.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında xalqlarımızın qədim köklərə malik milli adət və ənənələrə sahib olduğunu qeyd edib. İki ölkənin Milli Kitabxanaları arasında qarşılıqlı əlaqələrdən danışan nazir müavini Özbəkistan Milli Kitabxanasında açılan Azərbaycan guşəsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Özbəkistan Milli Kitabxanası ilə əlaqələrin ildən-ilə genişləndiyini deyib. Qeyd olunub ki, Azərbaycan Milli Kitabxanasında Özbəkistan guşəsi 2019-cu ildə təşkil edilib. Ötən dövr ərzində Milli Kitabxanada Özbəkistanın tanınmış şair və yazıçılarının, mütəfəkkirlərinin yubileyləri ilə bağlı tədbirlər keçirilib, kitab təqdimatları olub.
Bildirilib ki, Özbəkistan Milli Kitabxanasında yeni yaradılan Azərbaycan guşəsində 300-ə yaxın adda nəşr yer alıb. Özbək oxucular burada Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafı, eləcə də 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizlə bağlı ətraflı məlumat almaq imkanı qazanacaqlar.
Çıxışlardan sonra tədbir iştirakçıları Azərbaycan guşəsində yer alan nəşrlərlə tanış olublar.
***
İyunun 11-də axşam “Özbəkistan” Forumlar Sarayında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala-konsert keçirilib. Burada həmçinin Azərbaycan şirniyyatlarının təqdimatı olub.
***
Mədəniyyət günlərinin 12 iyun tarixində də maraqlı tədbirləri var. Özbəkistan Təsviri İncəsənət Qalereyasında “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” adlı sərgi açılacaq.
Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda Azərbaycan Dövlət Yuğ Teatrının “Mənəm, mən” tamaşası nümayiş etdiriləcək.
Həmin gün özbək sənətsevərlər dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tamaşasını da izləyəcəklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı heyəti dünyaca məşhur əsəri Əlişir Nəvai adına Dövlət Akademik Teatrında təqdim edəcək.
İyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin “Qılınc və qələm” kitabının təqdimatı keçiriləcək.
***
İnanırıq ki, silsilə tədbir və təqdimatlar ədəbi-mədəni zənginliklərimizə həmişə maraq göstərən qardaş özbək xalqının yaddaşında bu dəfə də dərin iz qoyacaq.
Qeyd edək ki, Özbəkistanda ölkəmizin mədəniyyət günləri sonuncu dəfə 2022-ci ildə gerçəkləşib. Dost ölkə isə 2023-cü ildə Bakıda mədəni-mənəvi zənginliklərini nümayiş etdirib.
Fariz Yunisli
Daşkənd