Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 12-də Özbəkistan Təsviri Sənət Qalereyasında “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.
Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, özbəkistanlı həmkarı Ozodbek Nazarbekov, iki ölkənin tanınmış mədəniyyət, incəsənət və elm xadimləri və qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qalereyanın ikinci mərtəbəsinin foyesində qurama, zərgərlik, misgərlik, şəbəkə üzrə əl işləri sərgilənib. Sənətkarlar əl işlərinin hazırlanması prosesini əyani şəkildə nümayiş etdiriblər.
Daha sonra qonaqlar "ATİDE” və “Anara Zakirli” geyim brendlərinin nümayişini izləyiblər.
“ATİDE” 2019-cu ildə təsis edilmiş Azərbaycan brendidir. Brendin müəllifi istedadlı modelyer Aida Kahvecidir.
Brendin adı “sandıq” mənasını verir ki, bu da təsadüfi deyil. Məqsəd ana və nənələrimizin sandığında qədimdən qalan milli geyimlərimizi müasir moda ilə birləşdirərək Azərbaycanın mədəni irsini yaşatmaq və gələcək nəsillərə ötürməkdir.
Təqdim olunan “Zərəfşan” geyim kolleksiyası Azərbaycanın məşhur “Əfşan” xalçasından ilhamlanaraq hazırlanıb. Geyimlərdə Odlar yurdu Azərbaycanın al-əlvan rəngli milli ornamentlərini özündə əks etdirən və özəl olaraq hazırlanmış unikal parçalardan istifadə edilib.
Kolleksiyada təqdim olunan hər bir işin arxasında əsrlik tarix, sirli hekayələr, incə əl işi və ucsuz-bucaqsız təxəyyül dayanır.
Azərbaycan xalq mahnılarının müşayiətində təqdim edilən tarix yadigarları, xalça və digər əl işləri ziyarətçilərdə zəngin təəssürat yaradır.