“Yaşıl dünya naminə həmrəylik ili”nə öz töhfəsini verən sənət ocaqlarından biri də “KamART” incəsənət qalereyasıdır. 11-12 iyun tarixlərində Muzey Mərkəzinin sərgi qalereyasında “KamART”-ın gənc rəssamlarının yaradıcılığına həsr olunmuş “Təbiətin rəngləri” adlı sərgi keçirilib.

Ekspozisiyada 6-19 yaşında 31 müəllifin ümumilikdə 91 əl işi nümayiş etdirilib. Sənət hesabatı kimi təqdim olunan rəsmlər 2023–2024-cü tədris ilini əhatə edir.

Açılışda çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Kəmalə Cəfərzadə qonaqları salamlayaraq sərgi haqqında məlumat verib.

Bildirib ki, sərginin məqsədi təbiətə sevgi aşılamaq, ictimaiyyətin diqqətini uşaq və gənclərin təsviri sənətə olan marağının artırılmasına və inkişafına yönləndirmək, istedadlı gənc rəssamları üzə çıxarmaq və onlara dəstək verməkdir.

Xalq rəssamı Arif Hüseynov sərgi iştirakçılarını təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Vurğulayıb ki, rəsm çəkmək uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir, onların zövqünün və dünyagörüşünün inkişafına müsbət təsir göstərir.

Sərginin açılışında Milli Konservatoriyanın nəzdində İncəsənət Gimnaziyası Xoreoqrafiya şöbəsinin şagirdləri və Səid Rüstəmov adına 13 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin ifaları da maraqla qarşılanıb.

Çıxışlardan sonra sərgi iştirakçılarına diplomlar təqdim olunub.

Lalə Azəri