İyunun 11-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü, şair-publisist, tarix üzrə fəlsəfə doktoru Musa Urudun (Quliyev) “Zəngəzur. Uzaq keçmişdən günümüzədək” monoqrafiyasının təqdimatı keçirilib.

Mərasimdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın elmi və siyasi baxımdan əhəmiyyətini diqqətə çatdırıb. Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşünü xatırladan İsa Həbibbəyli dövlət başçısının həmin görüşdə bu istiqamətdə qarşıda duran vəzifələri müəyyən etdiyini vurğulayıb.

Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bölgədəki 838 toponimin ətraflı izahı verilən kitabın zəngəzurlular üçün məlhəm olduğunu bildirib. Qeyd edib ki, nəşrdə tarixi mənbələr, sənədlər, elmi ədəbiyyat və xatirələr, eləcə də yerli sakinlərin məlumatları əsasında Zəngəzurdakı toponimlərin bölgənin mədəni-etnoqrafik mənzərəsi də ətraflı tədqiq edilib.

Çıxış edənlər kitabın rus dilində də nəşr olunmasının əhəmiyyətindən, xarici ölkələrdə təbliğinin vacibliyindən danışıblar.

Sonda çıxış edən Musa Urud kitabın ərsəyə gəlməsindən söz açıb, tədbirin təşkilatçı və iştirakçılarına təşəkkür edib.