Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə sərgi açılıb

 

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 12-də Özbəkistan Təsviri Sənət Qalereyasında “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı oldu.

Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, iki ölkənin tanınmış mədəniyyət, incəsənət və elm xadimləri və qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru Kamila Baltabayeva sənət ocağı və sərgi haqqında danışdı.

Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova Azərbaycan təsviri və dekorativ-tətbiqi sənəti barədə məlumat verdi. Dedi ki, sərginin konsepsiyası Azərbaycan milli irsinin zəngin tarixə və qədim bədii ənənələrə, bugünkü incəsənətimizin varislik prinsiplərinə əsaslanır.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

Məlumat verildi ki, sərginin birinci hissəsi Azərbaycan Milli İncəsənət Muzeyində qorunan peşəkar Azərbaycan qrafikasının banisi Əzim Əzimzadənin XX əsrin əvvəllərində yaratdığı əsərləri əhatə edir. Qrafik əsərlərin bədii interpretasiyaları muzey fondunun unikal eksponatları əsasında işlənib.

İkinci zalda son 20 il ərzində toplanan şəxsi kolleksiyadan 27 ədəd XVIII–XX əsrlərə aid kəlağayı təqdim edilir. Üçüncü zalda “Azərxalça” ASC-nin xalçaları nümayiş olunur. Növbəti zalda Azərbaycan Rəssamlar İttifaqı tərəfindən hazırlanan videoçarx nümayiş etdirilir.

Qalereyanın ikinci mərtəbəsinin foyesində qurama, zərgərlik, misgərlik, şəbəkə üzrə əl işləri sərgilənirdi. Sənətkarlarımız əl işlərinin hazırlanması prosesini əyani şəkildə nümayiş etdirirdilər.

Ənənələrin yaşaması ideyası həmin məkanda təqdim olunan Yusif Zadənin “Adi şəhər” adlı fotosərgisində də yer almışdı.

Sonra qonaqlar “ATİDE” və “Anara Zakirli” geyim brendlərinin nümayişini izlədilər.

“ATİDE” 2019-cu ildə təsis edilmiş Azərbaycan brendidir. Brendin müəllifi istedadlı modelyer Aida Kahvecidir. Brendin adı “sandıq” mənasını verir ki, bu da təsadüfi deyil. Məqsəd ana və nənələrimizin sandığında qədimdən qalan milli geyimlərimizi müasir moda ilə birləşdirərək Azərbaycanın mədəni irsini yaşatmaq və gələcək nəsillərə ötürməkdir.

Təqdim olunan “Şamaxı” geyim kolleksiyası Azərbaycanın qədim şəhərinin adını daşıyır. Qədimdə Azərbaycanın məşhur qadın baş örtüyü olan kəlağayıların bir qismi Şirvan bölgəsində istehsal olunurdu ki, onlara da el arasında “Şamaxı” deyilirdi. Kolleksiyada təqdim olunan geyimlərin üzərində məhz kəlağayı ornamentləri təsvir edilib.

“Anara Zakirli” brendi isə 2018-ci ildə təsis edilib. Müəllifi istedadlı modelyer Anara Zakirli olan brendin yaradılmasında məqsəd Azərbaycanın milli xalça ornamentlərini müasir geyimlərlə sintez edərək moda dünyasına tanıtmaq, Şərqin və Qərbin ahəngində parlayan ölkəmizin mədəniyyətini dəbli geyimlərlə hər kəsin diqqət mərkəzinə çəkməkdir.

Təqdim olunan “Zərəfşan” geyim kolleksiyası Azərbaycanın məşhur “Əfşan” xalçasından ilhamlanaraq hazırlanıb. Geyimlərdə Odlar yurdu Azərbaycanın al-əlvan rəngli milli ornamentlərini özündə əks etdirən və özəl olaraq hazırlanmış unikal parçalardan istifadə edilib.

Kolleksiyada təqdim olunan hər bir işin arxasında qədim tarix, sirli hekayələr, incə əl işi və ucsuz-bucaqsız təxəyyül dayanır.

Azərbaycan xalq mahnılarının müşayiətində təqdim edilən tarix yadigarları, xalça və digər əl işləri ziyarətçilərdə zəngin təəssürat yaratdı.

F.Yunisli
Daşkənd