Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin qala-konserti zəngin incəsənətimizin, musiqi sənətimizin dost və qardaş ölkədə növbəti təntənəsi oldu.

İyunun 11-də Daşkənddəki Özbəkistan Forumlar Sarayında gerçəkləşən konserti hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli və Ozodbek Nazarbekov, digər rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, Azərbaycan musiqisinin, rəqs sənətinin, muğamının pərəstişkarı olan yüzlərlə tamaşaçı izləyirdi.

Musiqi sənətimizdən öncə isə Forumlar Sarayının foyesində Azərbaycan milli şirniyyatlarının təqdimatı oldu. Hər kəs şəkərbura, badambura, paxlava və digər şirniyyat növlərinin dadına baxdı.

Sənətçilərdən əvvəl Özbəkistan Respublikası Prezidentinin Mətbuat xidmətinin rəhbəri Şirzod Asadov səhnəyə çıxaraq ölkə başçısı Şavkat Mirziyoyevin təbrik məktubunu oxudu.

Məktubda Özbəkistan və Azərbaycanın dostluq və qardaşlığından bəhs olunur, iki ölkənin mədəniyyət və incəsənətinin xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində xüsusi yer tutduğu qeyd edilirdi.

Sonra konsert proqramı başlandı.

İlk olaraq Həzrət Əzizlinin ifasında “Bayatı-Şiraz” muğamı, “Natiq” ritm qrupu və “Mirvari” rəqs ansamblının kompozisiyası böyük coşqu ilə qarşılandı.

Əməkdar artist, tarzən Sahib Paşazadə “Çahargah” rapsodiyasını və “Andijon polkası” özbək xalq rəqsini, müğənni Almaxanım Əhmədli “Küsmə, gəl” mahnısını, Elnur Mikayılov kamançada “Hayrona” özbək mahnısını ifa etdilər.

Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu “Musiqi çələngi”, Əməkdar artist Nigar Şabanova “Sən gəlməz oldun”, Afaq Abbasova “Bakı”, Azərbaycan Dövlət Rəqs Ansamblı “Uzundərə”, “Qaytağı” və  “Zəngəzur yallısı” rəqslərini təqdim etdilər.

Özbəkistanın və Azərbaycanın Xalq artistləri Nəsibə Abdullayeva “Qarabağ”, Gülyanaq Məmmədova isə “Uluğumsan Vətənim” mahnılarını oxudular. Aşıq Samirə və aşıq Əli “Aşıq havaları”, Xalq artisti Zülfiyyə Xanbabayeva “Şuşanın dağları”, Xalq artisti Azər Zeynalov “Şükriyyə”, Afaq Abbasova və Azər Zeynalov “Arşın mal alan” operettasından duet, Azad Şabanov “Qayınana” filmindən “Popurri” və başqa musiqi nömrələrini ifa etdilər.

Konsertin axırında bütün iştirakçılar Rauf Hacıyevin “Azərbaycan” mahnısını birlikdə səsləndirdilər. Salonun ayaq üstə alqışladığı mahnıdan sonra nazirlər Adil Kərimli və Ozodbek Nazarbekov səhnəyə çıxaraq sənətçilərlə görüşdü, uğurlu ifa münasibətilə onları təbrik etdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.

Fariz Yunisli
Daşkənd