Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 12-də Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Milli Kitabxanasında olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nümayəndə heyəti kitabxanada yaradılan şəraitlə tanış olub, burada saxlanılan kitablar barədə məlumat alıb.

Burada yaradılan Azərbaycana həsr olunmuş bölmə haqqında da məlumat verilib. Milli Məclisin sədri kitabxanaya Azərbaycan dövlətçilik tarixi haqqında kitablar, “Qarabağ: işğaldan əvvəl və işğaldan sonra” kitab-albomunu hədiyyə edib.

Sahibə Qafarova xatirə kitabını imzalayıb.

Azərbaycan parlament nümayəndə heyəti həmçinin Minskdə “Horizont” Elektronika və İnnovasiyalar Mərkəzi və Milli Ticarət Evi ilə də tanış olub. Burada Belarus istehsalı olan müxtəlif məhsullar haqqında məlumat verilib.