Rusiya Federasiyası sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ölkəmizi tam tərk edib.

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılması bu ilin aprelində başlanmışdı. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev aprelin 17-də bu barədə açıqlamasında diqqətə çatdırmışdı ki, sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə Azərbaycan və Rusiyanın ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. “Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, – deyə o bildirmişdi.