Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib.

Kitabxanadan bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Kitabxananın direktoru Aslan Cəfərov Ümummilli Lider Heydər Əliyevin Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi naminə çalışdığını, müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində ucaldığını söyləyib. Bu səbəbdən də, xalqın öz sədaqətli, dahi övladına məhəbbətinin sonsuz və əbədi olduğunu, Ümummilli Liderin əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindən biri olduğunu, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaltdığını bildirib. “Ona görə də, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir”, – deyə söyləyib.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai – Siyasi Sənədlər Arxivinin direktoru Elimira Ələkbərova Ulu Öndərin öz təcrübəsi, rəhbərlik bacarığı, diplomatik xüsusiyyətləri ilə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün bir örnək olduğunu söyləyib. O, İşlər İdarəsinin İctimai – Siyasi Sənədlər Arxivinin nəfis tərtibatda çap etdirdiyi Ulu Öndərin çoxşaxəli, zəngin fəaliyyətinə həsr edilən sənədlər toplusundan ibarət 10 cildlik və “Heydər Əliyev və neft strategiyası” kitabları haqqında məlumat verərək onları kitabxanaya hədiyyə edib.

Yazıçı, publisist, uzun illər Dövlət Təhlükəsizlik Xidmətində çalışmış Elşad Qoca Heydər Əliyevin Azərbaycan təhlükəsizlik orqanlarında parlaq zəkası, güclü iradəsi və yüksək peşəkarlığı ilə seçildiyini, ölkəsini, xalqını ürəkdən sevdiyini, dövlətin müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verdiyini söyləyib.

Yazıçı Yunus Oğuz öz çıxışında tarixi aspektlərə önəm verərək, Heydər Əliyev siyasətinin yüzilliklərlə davam edən əsarətə son qoyduğunu, milli qardaş qırğınının qarşısını aldığını, Azərbaycanı müstəqil, suveren beynəlxalq aləmdə tanınan və nüfuza sahib olan bir dövlətə çevirdiyini bildirib.

Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçuyev Azərbaycan bədii-ədəbi irsinin mahir bilicisi olmuş Heydər Əliyevin milli ədəbiyyata, onun görkəmli nümayəndələrinə olan xüsusi maraq və sevgisindən danışaraq, bu insanlara həmişə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib.

Şair, yazıçı Sayman Aruz ideya müəllifi və aparıcısı olduğu “Körpü” verilişinin beş buraxılışının Ulu Öndərə həsr edildiyini böyük qurur hissi ilə dilə gətirib.

Hüquq fakültəsinin müəllimi Tamella Çələbiyeva, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Qalib Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili misilsiz şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin xalqı üçün gördüyü işlərin möhtəşəmliyini bir daha qeyd ediblər.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai – Siyasi Sənədlər Arxivinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində hazırladığı “Quruculuq salnaməsi. Başlanğıc” adlı geniş videomaterial nümayiş olunub.

Sonda kitabxananın direktoru Aslan Cəfərov müəllifi olduğu “Tariximizin Heydər Əliyev zirvəsi” adlı kitabını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai – Siyasi Sənədlər Arxivinə hədiyyə edib.