Milli Xalça Muzeyində Monteneqro geyimlərinin sərgisi

 

Bakıda, Milli Xalça Muzeyində Monteneqro milli geyimlərinin sərgisi keçirilir. İyunun 13-də açılışı olan sərgi Monteneqro xalqının milli-mədəni özünəməxsusluğunu, həyat tərzini, etnik, dini xüsusiyyətlərini təcəssüm etdirir.

“Müxtəlifliyin gözəlliyi” adlı sərgi Azərbaycan Mədəniyyət Nazirliyi ilə Monteneqro Mədəniyyət və Media Nazirliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Monteneqro Milli Muzeyinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, sərgidə Monteneqronun XIX–XX əsrlərə aid milli geyimləri nümayiş olunur. Ekspozisiyada Monteneqro Milli Muzeyi, Monteneqro Etnoqrafiya Muzeyi, Kral Nikola Muzeyi, Monteneqro Tarix Muzeyinin kolleksiyalarından seçilmiş 170-dən çox nümunə var.

Balkan yarımadasının ən kiçik dövləti (ərazisi 13,8 min kvadrat kilometr) olan Monteneqro zəngin ənənəvi mədəniyyətə malikdir və o, qədim Roma, Bizans, yunan, slavyan, eləcə də qismən türk-islam mədəni irsinin orqanik şəkildə birləşməsi nəticəsində formalaşıb. Adriatik dənizi hövzəsi, Aralıq dənizi hövzəsi və Şərq mədəniyyətinin elementləri əsrlər boyu Monteneqro geyimlərində birləşərək unikal mədəniyyətin yaranmasına səbəb olub.

Direktor onu da diqqətə çatdırıb ki, Azərbaycanla Monteneqro arasında diplomatik əlaqələr 2008-ci ildə (bu ölkə 2006-cı ildə Serbiya ilə ittifaqdan ayrılaraq tam müstəqilliyini elan edib – red.) qurulub. Monteneqronun ənənəvi mədəniyyətini nümayiş etdirən sərgi Azərbaycanda ilk dəfə təşkil olunur.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov qeyd edib ki, eksponatları seyr etdikcə iki xalq arasında zövq, düşüncə ortaqlığı, duyğu eyniliyini hiss edirik. Bu eksponatlar yalnız mədəniyyətin bir hissəsini nümayiş etdirmir, həm də Monteneqro xalqının milli-mənəvi zənginliyini paytaxtımızın sakinlərinə və qonaqlarına yaxından tanıdacaq.

Monteneqro Milli Muzeyinin direktoru, rəssam Yakşa Çalasan zəngin mədəni irslərinin bir hissəsini dost Azərbaycanda təqdim etməkdən məmnun olduqlarını deyib.

Monteneqro Tarix Muzeyinin direktoru Filip Kuzman çıxışı zamanı qeyd edib ki, ölkə  ərazisində çoxlu sayda müxtəlif geyimlərə rast gəlmək təəccüblü deyil. Bildirib ki, mədəniyyət və ənənə xalqların və mədəniyyətlərin mənəvi-tarixi kimliyini birləşdirən ümumbəşəri bağlantıdır. Bu həm də bizə başqa və fərqli dünyanı daha yaxşı anlamağa imkan verən vasitədir.

Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış olublar.

Milli Xalça Muzeyində Monteneqro geyimlərinin sərgisi avqustun 31-dək ziyarət üçün açıq olacaq.

Lalə