“Landmark Hotel Baku”da III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib.
Mətbuat konfransında festivalın təsisçisi və direktoru, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli, festivalın bədii rəhbəri Natəvan Növrəsli, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro, Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəni fəaliyyətlər üzrə müşaviri, Fransa İnstitutunun direktoru Şarl Denye, “Bizim Qafqaz” mədəni layihəsinin direktoru Nini Karseladze iştirak ediblər.
Şahin Növrəsli festivalın proqramı və iştirakçıları haqqında danışıb, bütün tərəfdaşlara, tədbirin sponsorlarına və media nümayəndələrinə təşəkkürünü bildirib.
III Beynəlxalq Bakı Piano Festivalı iyunun 16-da Rebeka Orteqa – “Flamenco Company”nin iştirakı ilə flamenko konserti ilə açılacaq, iki həftə davam edəcək və iyunun 29-da İsak Jamba qrupunun ifası - Braziliya samba konserti ilə başa çatacaq.
Bakılılar və şəhərin qonaqları müxtəlif ölkələrin virtuozlarının musiqi konsertlərindən ibarət müxtəlif proqramlardan həzz alacaqlar. Bundan əlavə, festival çərçivəsində filmlərin nümayişi, bədii tədbirlər, teatrlaşdırılmış tamaşalar və ədəbi müsabiqənin keçirilməsi nəzərdə tutulub. Təşkilatçılar festival çərçivəsində iyunun 22-də keçiriləcək gənc istedadların “We are the Future” konsertini xüsusi qeyd ediblər.