Türkiyənin Azərbaycandakı Səfirliyinin yeni təyin olunmuş media müşaviri Alptekin Cihangir İşbilir iyunun 14-də Azərbaycan Mətbuat Şurasında olub, şuranın idarə heyətinin üzvləri ilə görüşüb.

MŞ sədri Rəşad Məcid qonağı salamlayaraq ona ölkəmizdəki diplomatik missiyasının icrasında uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan və Türkiyə arasında bütün sahələri əhatə edən qardaşlıq münasibətlərinin, əməkdaşlığın zəngin media spektri var. O, xüsusən son illər bu sahədəki əlaqələrin daha da genişlənməsindən məmnunluğunu ifadə edib.

R.Məcid eyni zamanda bildirib ki, Azərbaycanla Türkiyənin jurnalist qurumları arasında əməkdaşlığın güclənməsində qardaş ölkənin Azərbaycandakı səfirliyi hər zaman müstəsna rol oynayıb. Ali diplomatik missiya bu istiqamətdə ənənə formalaşdırıb. MŞ sədri gələcəkdə bu ənənənin daha dolğun işlərlə zənginləşəcəyinə inamını dilə gətirib.

Türkiyə səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Azərbaycanda olmasından məmnunluğunu ifadə edib. O, Türkiyə və Azərbaycan mediasının qarşılıqlı fəaliyyətinin yeni layihələrlə gücləndirilməsinə ehtiyacın duyulduğunu vurğulayıb, Mətbuat Şurası ilə əməkdaşlığın faydalı nəticələr verəcəyinə əminliyini bildirib.

MŞ idarə heyətinin üzvləri çıxışlarında Türkiyə və Azərbaycan arasındakı münasibətlərin media tərəfinin də strateji xarakter aldığını diqqətə çatdırıb, bununla bağlı müxtəlif məqamları vurğulayıb, perspektiv vəzifələrdən söz açıblar.