Azərbaycan Universitetinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan etdiyi “Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi yekunlaşıb.
Bu münasibətlə təşkil olunan mükafatlandırma mərasimində müsabiqənin qalibləri və xüsusi nominasiyalara layiq görülənlər elan olunub, onlara müvafiq sertifikat, pul mükafatı (I yer – 1000 manat; II yer – 800 manat; III yer – 600 manat) və müxtəlif hədiyyələr təqdim edilib.
Mükafatlandırma mərasimində giriş nitqi söyləyən elmi işlər üzrə prorektor Yusif Qasımov layihənin ideyasına, həmçinin həyata keçirilməsində göstərdiyi dəstəyə görə rektor Səadət Əliyevaya təşəkkür edib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Noyabr ayında isə ölkəmiz COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşır. “Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsi də məhz ölkədə gedən proseslərə dəstək məqsədilə həyata keçirilib.
Universitetin Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva müsabiqə haqqında məlumat verib və qalibləri elan edib. Münsiflər heyətinin qərarına əsasən, I və II yerlərə Bakı Ali Neft Məktəbinin tələbələri layiq görülüb. Azərbaycan Universitetinin bir qrup tələbəsinin təqdim etdiyi “Smart kənd” layihəsi isə III yeri tutub.
Tədbirdə “Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin qalibləri də elan edilib.
Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarda başlanan quruculuq işlərində gənclərin aktiv iştirakının təmin edilməsi məqsədilə keçirilən müsabiqəyə ümumilikdə müxtəlif istiqamətlərdə 50-yə yaxın layihə təqdim olunmuşdu.