Gənc heykəltaraş Elxan Zeynalov dünyaşöhrətli Yaponiya dirijoru Osava Seijinin (1935–2024) büstünü hazırlayıb. O bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib.

Yeni əsəri haqqında qəzetimizə məlumat verən heykəltaraş büstün iki aya hazırlandığını bildirib. Müəllif əsərin ideyasının Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbəri Xəlil Kələntərliyə məxsus olduğunu bildirdi.

Heykəltaraş başqa layihələr üzərində də çalışdığını dedi: “Bir ilə yaxındır Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət kafedrasının müəllimiyəm. Naxçıvana gəldikdən sonra şəhərin bir çox guşəsində monumental abidələr ola biləcəyini düşünərək eskizlər hazırlamışam. Yaradıcılığımda bir sıra əcnəbi şəxsiyyətlərə də yer ayıracağam”.

Qeyd edək ki, əslən Qərbi Azərbaycanın Əştərək rayonundan olan Elxan Zeynalov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq ixtisasının bakalavr və magistr məzunudur.

O, Ulu öndər Heydər Əliyev, görkəmli dövlət xadimi Əziz Əliyev, mütəfəkkir şair İmadəddin Nəsimi, görkəmli yazıçı-ədəbiyyatşünas, Əməkdar elm xadimi Mir Cəlal Paşayev, Xalq şairi Ramiz Rövşən, Xalq artisti Hacı İsmayılov, Türkiyənin istiqlal şairi Məhmət Akif Ərsoy, Azərbaycanın Milli Qəhrəmanları Allahverdi Bağırov, general-mayor Polad Həşimov, Çingiz Qurbanov, Aprel şəhidləri gizir Pəncəli Teymurov, kiçik gizir Bəxtiyar Hüseynov, Vətən müharibəsi şəhidləri kapitanlar Cəlil Cavadov, Həmid Cəfərli, leytenant Qəzənfər Məmmədov, gizir Elyar Vəliyev və başqalarının heykəl, büst və barelyeflərini hazırlayıb.

Nurəddin