İyunun 20-də AMEA-da “Arxeologiya sahəsində Azərbaycan-Koreya elmi əməkdaşlığı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli artıq üç ildir ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, son illərdə Azərbaycan-Koreya arxeoloji ekspedisiyası Qarabağda geniş tədqiqat işləri aparıb. Koreya arxeoloqlarının iştirakı ilə Füzulidə Yedditəpə kurqanlarında aparılan tədqiqatlar zamanı mühüm nəticələr əldə olunub. Bir neçə il öncə AMEA-nın müxbir üzvü, mərhum professor İlyas Babayevlə birgə Qəbələdə Azərbaycan-Koreya birgə arxeoloji ekspedisiyası elmi tədqiqatlar aparıb. Həmçinin Arxeologiya və Antropologiya İnstitutunun Qəbələ etnoqrafik ekspedisiyası Qəbələ bölgəsində kompleks tədqiqatlar aparıb. Bunun nəticəsi olaraq Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə 3 dildə kitab çap olunub.
Koreya Respublikasının Azərbaycandakı səfiri Li İn-Yonq çıxış edərək ölkələrimiz arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, Azərbaycanda Koreya mütəxəssislərinin iştirakı ilə 2009-cu ildə başlanılan arxeoloji tədqiqatlar zamanı mühüm elmi nəticələrin əldə olunduğunu deyib. Bildirib ki, Qəbələnin arxeoloji tədqiqatında koreyalı mütəxəssislərin iştirakı iki ölkə arasında əməkdaşlıq tarixində yeni səhifə açıb.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev Qəbələ Arxeoloji Mərkəzinin fəaliyyəti, müxtəlif illərdə aparılan arxeoloji tədqiqatlar və onların nəticələri haqqında məlumat verib.
Konfransda “Qəbələ qazıntılarından aşkar edilmiş Roma idxalına aid nümunələr”, “Şərqi və Qərbi Avrasiyada aşkar edilmiş süni deformasiyalı kəllələr”, “Erkən Dəmir dövründə Qafqazın iqtisadi və intellektual mərkəzi (e.ə. X əsr)”, “Koreya yarımadasında qazılmış Araba çətir komponentləri” və digər mövzularda məruzələr dinlənilib.
Tədbirdə Koreya, Türkiyə və Gürcüstanın alim və mütəxəssisləri, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları iştirak ediblər.