Xəbər verdiyimiz kimi, 17-18 iyun tarixlərində Polşanın paytaxtı Varşavada Avropa Milli Kitabxanalar Konfransının (CENL) 38-ci illik iclası keçirilib. CENL Avropanın 46 ölkəsindən milli kitabxanaların üzv olduğu bir təşkilatdır.

Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iclasda iştirak edib. 

İclasın açılış mərasimində CENL-in sədri Frank Şoltse, Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski çıxış ediblər.

CENL-in 2023-cü ildə Parisdə keçirilmiş 37-ci illik iclasının protokolu və illik hesabatı müzakirə edilib.

Sonra Finlandiya Təhsil və Mədəniyyət Nazirliyinin nümayəndəsi Minna Karvonen “Rəqəmsal mədəni irs zamanları, ideyaları və insanları birləşdirir” mövzusunda təqdimatla çıxış edib.

CENL üzvlərindən Fransa, Almaniya, Serbiya, İspaniya, Belçika, Lüksemburq, Estoniya Milli kitabxanalarının rəhbərləri CENL-ə üzv kitabxanalarda elektron qanuni depozitin statusu haqqında təqdimat ediblər. Həmçinin qanunvericilik, tələblər, təcrübələr haqqında danışılıb, müzakirələr aparılıb.

İclasın ikinci günü Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski “Milli Kitabxanalar ümummilli şəbəkə koordinatorları kimi” mövzusunda təqdimat edib.

Moldova Milli Kitabxanasının baş direktoru Elena Pintilei “Sosial dayanıqlığın yaradılması üçün daha güclü, peşəkar şəbəkə və sülh”, Fransa Milli Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Ofeli Ramonatkso “Robotik mühafizə saytları”, Macarıstanın Seçeni Milli Kitabxanasının baş direktoru David Rozsa “Seçeni Milli Kitabxanasının və Lüksemburq Milli Kitabxanasının veb arxiv infrastrukturunun təkmilləşdirilməsi” mövzularında çıxış ediblər. Britaniya Milli Kitabxanasının baş direktoru Roli Kitinq “Kiberhücumdan dərslər” mövzusunda təqdimatla çıxış edib.

Kitabxanalarda süni intellekt, bərabərlik, müxtəliflik və inklüziv şəbəkə qrupu haqqında müzakirələr olub.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovskiyə tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib. Direktor “Salam, Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitablarını, həmçinin Azərbaycan xəritəsini Polşa Milli Kitabxanasının fonduna təqdim edib. O, eyni zamanda Polşa Milli Kitabxanasını oktyabr ayında keçiriləcək X Bakı Beynəlxalq Kitab Sərgisində ekspozisiya ilə iştiraka dəvət edib.

Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi iclasın sonunda xatirə şəkli çəkilib. Növbəti il CENL-in iclasına Şotlandiya Milli Kitabxanası ev sahibliyi edəcək.