Son günlər Bakı şəhərində yerləşən bir sıra memarlıq abidələri olan binalarda aparılan təmir-bərpa və abadlıq işləri ictimaiyyət arasında müzakirələrə yol açıb. Bu narahatlıq bəzi tarixi bina fasadlarının, o cümlədən daşla üzlənmiş binaların rənglənməsi ilə bağlıdır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxt ərazisində bir sıra binalarda, o cümlədən memarlıq abidələrində təmir-bərpa işləri həyata keçirilir.

Bununla bağlı Mədəniyyət Nazirliyinin məlumatında diqqətə çatdırılır ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılaraq, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Hazırda həyata keçirilən işlərin təcililiyini nəzərə alaraq, yaranan problemləri yerində həll etmək məqsədilə sözügedən təşkilatların əməkdaşlarından ibarət işçi qrup yaradılıb.

Daimi olaraq müvafiq işlərin aparıldığı tarixi binalara baxış keçirilir, görülən işlər nəzarətdə saxlanılır. Sözügedən tədbirlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Memarlar İttifaqı ilə birgə müvafiq işləri həyata keçirən “Bakı Abadlıq Xidməti” MMC ilə koordinasiyalı şəkildə reallaşdırılır.

Təəssüflə etiraf etmək lazımdır ki, son illər ərzində abidələrimiz məhz istifadəçilər tərəfindən ciddi təsirlərə məruz qalıb – qapı-pəncərə ətrafındakı daş fasadlar rənglənib, balkon və eyvanlar şüşələnib, fasadlarda müxtəlif naqillər və borular çəkilib, birinci mərtəbələrdə fasadlar müasir materiallarla üzlənib, kondisionerlər və reklamlar quraşdırılıb və s. 2000-ci illərin əvvəllərində yuxarıda qeyd olunan qanunsuz əlavələri aradan qaldırmaq üçün fasadların ümumi təmizlənməsi, bir çox binaların bir rəngə boyanması nəticəsində bir sıra memarlıq abidələrinin nəinki tarixi görkəmi itirilib, tikililərə bərpası mümkün olmayan ziyan dəyib. Məsaməli əhəngdaşının müasir boyalarla rənglənməsi ona gətirib çıxarıb ki, bu gün müəyyən yerlərdə daş örtüklərin, xüsusilə abidələrimizə gözəllik gətirən təkrarsız memarlıq detallarının ovulması baş verir.

Məlumatda vurğulanır ki, uzun illər ərzində müxtəlif müdaxilələrə məruz qalmış fasadların əvvəlki görkəminə qaytarılması, eyni zamanda qopmuş yerlərinin bərpası, kommunikasiya xətlərinin və məişət qurğularının səliqəyə salınması həyata keçirilir.

İllər öncə görkəmi dəyişdirilən və yenidən rənglənən fasadlar təmizlənir. Əvvəlcədən daşla üzlənməyən binaların hissələri tikinti zamanı istifadə olunan orijinal rəngə mümkün qədər uyğun gələn rənglə boyanacaq. Təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur.