19-20 iyun tarixlərində Çin Xalq Respublikasının (ÇXR) Çindao şəhərində Asiya Mədəni İrs Alyansının (ACHA) 2-ci Baş Assambleyası keçirilib.

Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı və mədəni irs sahəsində tanınmış ekspert Rizvan Bayramov tədbirdə iştirak ediblər.

Xatırladaq ki, ÇXR Prezidenti Si Cin Pinin təşəbbüsü ilə yaradılmış alyansın ötən il keçirilmiş ilk Baş Assambleyasında ölkəmiz bu beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilib.

Mədəniyyət Nazirliyinin ilk dəfə iştirak etdiyi 2-ci Baş Assambleya iştirakçıları əvvəlcə “Çinin ənənəvi incəsənətində Pekin cərəyanı” adlı sərgi ilə tanış olublar.

Tədbirdə Şandon vilayəti qubernatorunun müavini Denq Yunfeng, Çindao şəhərinin meri Jao Haoji, ACHA şurasının sədri, Çinin mədəniyyət və turizm nazirinin müavini və Mədəni İrs üzrə Çin Milli Assosiasiyasının sədri Li Çun, Tayland-Çin Əməkdaşlıq Şurasının sədri, Tayland Baş nazirinin keçmiş müavini Finij Yarusombat, Hondurasın mədəniyyət naziri xanım Qloria Annarella Velez Osejo, Mədəni İrsin Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) direktoru xanım Aruna Françeska Maria Gujral və digər rəsmilər açılış nitqi ilə çıxış ediblər.

İclasda gündəlikdə duran məsələlər, o cümlədən ötən dövr ərzində görülən işlərin hesabatı, 2024–2025-ci illər üzrə fəaliyyət planları və s. məsələlərə dair məruzələr dinlənilib. Assambleya çərçivəsində həmçinin alyansın Elmi şurasına seçkilər keçirilib. Ölkəmizdən ekspert Rizvan Bayramov şuraya üzv seçilib.

Assambleya çərçivəsində ölkələrin təqdim etdiyi layihələrin müzakirəsi də aparılıb. Müzakirələr zamanı Mədəniyyət Nazirliyinin təqdim etdiyi layihə təşkilat tərəfindən dəstəklənib.

Tədbirin sonunda “Çindao tövsiyələri” adlı yekun sənəd qəbul edilib.

İyunun 20-də ACHA-nın təşkilatçılığı ilə “Müstəmləkəçilik kontekstində çıxarılan mədəni obyektlərin mühafizəsi və qaytarılması” üzrə beynəlxalq konfrans öz işinə başlayıb. Çin Mədəni İrs Assosiasiyasının sədr müavini Xie Bing konfransı giriş sözü ilə açaraq sözü rəsmilərə verib.

Konfransda Şandon Universitetinin prezidenti Li Sucai, Şandon vilayətinin vitse-qubernatoru Deng Yunfeng, Çindao şəhərinin vitse-meri Jao Yanın açılış nitqləri, Beynəlxalq Muzeylər Şurasının (ICOM) direktoru Emma Nardinin videomüraciəti dinlənilib.

ACHA Şurasının sədri, Çinin mədəniyyət və turizm nazirinin müavini və Mədəni İrs üzrə Çin Milli Assosiasiyasının sədri Li Çun müstəmləkəçilik prosesində Asiyadan daşınmış mədəni irslə bağlı çıxış edib və təşkilatın bu istiqamətdə hədəflərindən danışıb.

Sonra Norveçin KODE Art muzeyindən Çinə qaytarılan mərmər fiqurlara dair film izlənilib.

Mövzu üzrə təqdimatlarla Pekin Universitetinin professoru Li Kinq, Çikaqo Universitetinin professoru Lotar fon Falkenhausen, Kaliforniya (UCLA) Universitetinin professoru Donald Harper, Böyük Britaniyanın “The Art Loss Register” təşkilatının rəhbəri Olivia Vitney və digər tanınmış ekspertlər çıxış ediblər. Konfransdan sonra iştirakçılar üçün Çindao şəhərinin tarixi-mədəni irs obyektləri ilə ətraflı tanışlıq turu təşkil olunub.

Asiya Mədəni İrs Alyansının (ACHA) 2-ci Baş Assambleyası iyunun 20-də öz işini başa vurub.