Parlament çoxluğu Prezidentə müraciət edəcək

 

İyunun 20-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasın gündəliyi barədə danışan YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. 2020-ci ildə Vətən müharibəsində qazanılmış şanlı Zəfər nəticəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin olunub. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələr zərərsizləşdirilib, kriminal xunta rejiminin fəaliyyətinə son qoyulub, dövlətimizin suverenliyi onun bütün ərazisində bərqərar edilib. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir, doğma yurd-yuvasından didərgin salınaraq illərlə məcburi köçkün həyatı yaşamağa məhkum olunmuş soydaşlarımız ləyaqətli şəkildə əzəli torpaqlarına qayıdırlar.

Diqqətə çatdırılıb ki, Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinə daha bir bariz nümunə bu ilin noyabrında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi olacaq.

Eyni zamanda 2024-cü ilin noyabrında Azərbaycan Konstitusiyasının 98.1-ci maddəsinə əsasən, Milli Məclisə növbəti seçkilər keçirilməlidir. Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. “Altıncı çağırış Milli Məclis fəaliyyət dövrü ərzində dövlətin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək, dövlət idarəetməsinin təşkili və daha da təkmilləşdirilməsi fəaliyyətində yaxından iştirak etmək, yerlərdə seçicilərlə müntəzəm iş aparmaq, həmçinin parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə olunması sayəsində milli maraqları beynəlxalq məkanda təəssübkeşliklə təmsil etməklə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”, – deyə o vurğulayıb.

YAP sədrinin müavini Əli Əhmədov, YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Kamal Cəfərov, Anar İsgəndərov, Tahir Mirkişili və Bahar Muradova parlament seçkilərinin önə çəkilməsinin məqsədəuyğunluğunu əsaslandıraraq məsələyə münasibət bildiriblər.

Sonda YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə olunması barədə yekdil qərar qəbul edilib.