“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə ölkəmizdə Beynəlxalq Qurama Festivalı keçirilir.
Şirvanşahlar Sarayında keçirilən açılış tədbirində dövlət rəsmiləri, Milli Məclisin üzvləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan qurama sənətkarları iştirak ediblər.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi idarə heyətinin sədri Şahin Seyidzadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, millət vəkili Cavanşir Feyziyev çıxış edərək festivalın əhəmiyyəti, Türk dünyasının qədim irsini yaşadan qurama sənətinin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb, festival iştirakçılarına uğurlar arzulayıblar.
Cavanşir Feyziyev bildirib ki, UNESCO tərəfindən bəşəri dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl iş aparılır. Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələri də bu təşkilatın müvafiq siyahılarına daxil edilərək bəşəri status qazanıb. Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və bir qisminin UNESCO siyahılarına salınmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır: “Çağdaş dünyada gedən qloballaşma prosesləri fonunda aparılan bu işlər milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmə inteqrasiyasına geniş yol açır. Azərbaycanın milli-mənəvi dəyərləri, sözün əsl mənasında, dünyanı təəccübləndirmək iqtidarındadır. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin mədəniyyətimizə, mənəvi dəyərlərimizə yüksək diqqət və qayğısının, o cümlədən Mehriban xanım Əliyevanın ölkəmizin qeyri-maddi mədəni irsinin dünyada tanıdılması və təbliğinə misilsiz töhfələrinin nəticəsidir. Bu gün beynəlxalq səviyyədə təqdim etdiyimiz qurama bədii sənəti də dekorativ-tətbiqi sənətin bənzərsiz bir nümunəsidir. Zəngin və rəngarəng həndəsi naxışların üstünlük təşkil etdiyi qurama bədii tikmə növü Azərbaycanın dekorativ sənət mədəniyyətində xüsusi yer tutur. Konkret üslubu olmasa da, bu sənət növündə ustadan incə bədii zövq və bir-birini tamamlayan uyğun rəngli parçalardan həmahəng kompozisiya qurmaq istedadı tələb olunur”.
Millət vəkili həmçinin bildirib ki, çağdaş insanın texnologiyalardan yorulduğu bir zamanda bu cür sənət növləri ilə təması vacib əhəmiyyət kəsb edir. “Qloballaşan dünyada müxtəlif əl sənətlərinin, o cümlədən quramanın bərpasına və təbliğinə dəstək göstərilməsi, bu cür festivalların keçirilməsi təqdirəlayiqdir. Bu, XX yüzilliyin əvvəllərinə qədər geniş istifadə olunan, lakin fabrik istehsalının artması ilə unudulmaq təhlükəsi yaşayan əl sənətlərinə yeni həyatın verilməsi və dünyada tanıdılması deməkdir. Sevindirici haldır ki, ötən illərdə yerli səviyyədə təşkil olunan festival artıq beynəlxalq miqyasda gerçəkləşir. Bu festivalın mədəniyyət paytaxtımız Şuşa şəhərini də əhatə etməsi xüsusilə əlamətdardır. Unudulmaq təhlükəsi olan bu cür sənət növlərini qoruyub gələcək nəsillərə ötürmək həm də qeyri-maddi mədəni irsimiz qarşısında bir mənəvi borcdur”, – deyə Cavanşir Feyziyev əlavə edib.
Bildirək ki, Beynəlxalq Qurama Festivalı çərçivəsində quramanın ekoloji təmiz tətbiqi sənət növü kimi əhəmiyyətinə həsr olunmuş beynəlxalq seminar, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında yerli və xarici qurama ustalarının əl işlərinin nümayişi təşkil ediləcək.