Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Çin Xalq Respublikasına səfəri çərçivəsində Pekin Xarici Dillər Universitetinin (XDU) rektoru professor Jia Venjian ilə görüşüb.
AMEA-dan bildirilib ki, görüşdə çıxış edən professor Jia Venjian Azərbaycan-Çin əlaqələrinin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğulayaraq, təhsil və elm istiqamətində də böyük uğurların qazanıldığını diqqətə çatdırıb. Rəhbərlik etdiyi universitetin tarixindən, qurumun fəaliyyət istiqamətlərindən, Azərbaycanla bağlı həyata keçirilən layihələrdən, bu sahədə qarşıda duran vəzifələrdən danışan rektor Azərbaycan Milli Elmlər Akademiyası ilə yaradılmış əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb.
Bu ilin sonunda Azərbaycana gələcəyini bildirən professor səfər proqramına AMEA-nın prezidenti ilə də görüşün nəzərdə tutulduğunu xatırladıb. Görüş zamanı AMEA ilə Pekin XDU arasında yeni anlaşma memorandumunun imzalanmasının elmi əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Universitetdə 101 ölkə sırasında Azərbaycanın da yer tutduğunu, ali təhsil müəssisəsində Azərbaycan dili kafedrasının uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran professor bu sahədə kafedranın rəhbəri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin fəaliyyətini yüksək qiymətləndirib. Yaxın perspektivdə Azərbaycan dili kafedrasının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə Azərbaycan və Çin prezidentlərinin yaxın təmasları sayəsində ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini diqqətə çatdırıb, bu əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətinə toxunub. Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixi, prioritet istiqamətləri, elmi bölmələrin fəaliyyət sahələri barədə ətraflı məlumat verən akademik İsa Həbibbəyli Çinin ayrı-ayrı elm-tədqiqat müəssisələri ilə yaradılmış əməkdaşlıq əlaqələrinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Universitetdə Azərbaycan dili kafedrasında yaradılan şəraitə görə təşəkkürünü bildirən AMEA rəhbəri kafedranın fəaliyyətinin daha da genişləndirilməsinin əməkdaşlıq perspektivləri sırasında xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Görüşdə Pekin Xarici Dillər Universitetinin prorektoru Zhao Gang, universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri He Jing, Asiya kafedrasının müdiri Su Yingying, Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vang Yuexian və Azərbaycanın Çindəki səfirliyinin məsul nümayəndələri iştirak ediblər.