Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təqdim olunduğu tədbir bir sıra əlamətdar hadisələrlə yada qaldı.

Mədəniyyət günləri çərçivəsində iyunun 12-də Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu (ÖDSMİ) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

BMM-in direktoru Əməkdar artist, tarzən Sahib Paşazadə institutun kollektivinə mərkəzin fəaliyyəti haqqında məlumat verib. Vurğulayıb ki, memorandum qurumlar arasında qarşılıqlı faydalı mədəni əlaqələrin möhkəmləndirilməsi, milli musiqimizin geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsinə xidmət edəcək. Direktor həmçinin bu ilin mart ayında Beynəlxalq Muğam Mərkəzi və Özbəkistanın Milli Makom Sənəti Mərkəzi arasında əməkdaşlıq memorandumunun imzalandığını da nəzərə çatdırıb.

ÖDSMİ-nin rektoru Nodirbek Sayfullayev Özbəkistan və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafından məmnunluğunu bildirib, iki mədəniyyət və təhsil ocağı arasında əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, ÖDSMİ-də  Sahib Paşazadəyə bu təhsil ocağının fəxri professoru adı verilib. Fəxri professor diplomunu tarzənə təqdim edən rektor Nodirbek Seyfullayev deyib ki, musiqiçi bu ada Özbəkistan ilə Azərbaycan arasında musiqi sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə layiq görülüb.

Xatırladaq ki, S.Paşazadə 2017-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalında Qran-pri mükafatına layiq görülüb. 2018-ci ildə isə Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq Muğam (makom) Sənəti Forumu çərçivəsində təşkil olunan festivalda S.Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental qrupu birincilik qazanıb. Tarzən həmin il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti və təşkilatçılığı ilə Daşkənddə Türküstan Sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Özbəkistanın Simfonik Orkestrinin (dirijor Kamoloddin Urinbayev) müşayiətində solo konsert proqramı ilə çıxış edib. O, həmçinin qardaş ölkənin Daşkənd, Səmərqənd, Buxara, Xivə, Urgənc və digər şəhərlərində mədəni tədbirlərdə ölkəmizi layiqincə təmsil edib, ustad dərsləri keçib.

Lalə Azəri