İyunun 21-də Naxçıvan Muxtar Respublikasında keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi Zəngəzur Milli Parkının Batabat yaylağında bədii hissə ilə davam edib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib.
Tədbirdə Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyasının kollektivlərinin ifasında Qərbi Azərbaycanın yurd yerlərinə həsr olunmuş mahnılar, folklor nümunələri təqdim olunub, Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin təqdimatında “Misri” kompozisiyası nümayiş etdirilib. Festival iştirakçıları Qərbi Azərbaycan tarixi, mədəniyyəti və məişətinə dair kitab, monoqrafiya, jurnal və qəzetlərlə tanış olublar.
Batabat yaylağının füsunkar mənzərəsi fonunda toy məclisi qurulub, Qərbi Azərbaycandan olan iki gəncin toy mərasimi təşkil olunub. Mərasimdə bu əzəli yurd yerimizin toy adətləri - “Elçilik”, “Nişan”, “Paltar biçmə”, “Çörəküstü”, “Xına”, “Gəlin köçürmə” kimi mərasimlər nümayiş etdirilib. Toy mərasimində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi və Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında Qərbi Azərbaycan folkloruna məxsus musiqi nömrələri, aşıq havaları, kompozisiyalar səsləndirilib, yallı və digər rəqs nümunələri ifa olunub, xalq oyunları göstərilib. Pedaqoji fakültənin tələbələri isə Qərbi Azərbaycanda məşhur olan idman oyunlarını nümayiş etdiriblər.
Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzi tərəfindən təşkil olunan Qərbi Azərbaycan mətbəxinə məxsus kulinariya sərgisi də festival-konqres iştirakçılarının marağını cəlb edib. Sərgiyə 60-dan çox milli yemək, 44 çeşiddə meyvə və meyvə qurusu, 30 adda müalicəvi bitki, 94 növdə mürəbbə, 12 adda bitki çayı, 13 növdə şirniyyat, 20-dən çox adda meyvə şirəsi çıxarılıb.
Festival iştirakçıları “AzerGold” QSC-nin stendinə də baxıblar. Stenddə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Heydər Əliyev Fondunun yaranmasının 20 illiyinə həsr olunan, eləcə də milli ornamentlərimizi əks etdirən qızıl və gümüş sikkələr nümayiş etdirilib.
Festival çərçivəsində Naxçıvan Muxtar Respublikasının rayon icra hakimiyyətləri və digər qurumlar tərəfindən Batabatda Qərbi Azərbaycanın 11 mahalının əlamətlərini özündə əks etdirən çadırlar da qurulub. Əlahiddə Ümumqoşun Ordu Dərələyəz, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Qırxbulaq, Naxçıvan Dövlət Universiteti Vedibasar, Naxçıvan Şəhər İcra Hakimiyyəti İrəvan, Şərur Rayon İcra Hakimiyyəti Şörəyel, Babək Rayon İcra Hakimiyyəti Göyçə, Ordubad Rayon İcra Hakimiyyəti Zəngəzur, Culfa Rayon İcra Hakimiyyəti Zəngibasar, Kəngərli Rayon İcra Hakimiyyəti Kərbibasar, Şahbuz Rayon İcra Hakimiyyəti Dilican və Sədərək Rayon İcra Hakimiyyəti Sərdarabad mahalına aid çadırlar təşkil ediblər. Çadırların hər birində təmsil etdiyi mahala məxsus adət-ənənələr, milli geyim, mətbəx, dekorativ-tətbiqi sənət, məişət əşyaları, quramalar, xalçalar, keçəçilik sənəti, bədii tikmə nümunələri, musiqi alətləri, suvenirlər, Qərbi Azərbaycanın tarixi abidələrinin maketlərindən ibarət sərgilər açılıb, xalq oyunları, aşıq mahnıları, rəqslər və digər nümunələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin çadırında festival iştirakçıları üçün səhiyyə xidmətləri təşkil olunub, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri isə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
“Qərbi Azərbaycana qayıdış” festival-konqresi sabah başa çatacaq.