Nəşriyyat və tərcümə sahəsində əlaqələr müzakirə olunub

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Çindəki səfirliyimizin dəstəyi ilə ölkəmiz 19–23 iyun tarixlərində keçirilən Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunub.

İyunun 21-də Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Pekin Dil və Mədəniyyət Universitetində görüş keçirilib.

Görüş zamanı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikası Milli Mətbuat və Yayım Administrasiyası arasında 2022-ci ildə imzalanmış anlaşma memorandumuna əsasən hər iki ölkənin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı hazırkı vəziyyət, görüləcək işlər müzakirə olunub.

Milli Mətbuat və Yayım Administrasiyasının rəsmisi, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat Şöbəsinin İdxal və İxrac Bürosunun direktor müavini Cao Hayyun nümayəndə heyətini salamlayıb və Çin-Azərbaycan mədəni əməkdaşlığının davamı olaraq tərcümə layihəsinin önəmini vurğulayıb. Bildirib ki, layihə iki xalqın mədəni irsinin öyrənilməsi və təbliğinə öz töhfəsini verəcək.

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində ölkəmizin iştirakı ilə bağlı göstərilən dəstəyə, eyni zamanda Azərbaycanın mədəni irsinə olan diqqətə görə təşəkkürünü ifadə edib.

Çin tərəfinə tərcümə layihəsinin hazırkı vəziyyəti ilə bağlı məlumat verilib, həmçinin Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində iki xalqın mədəni əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib. Bakı Beynəlxalq Kitab Sərgisinin tanıtım çarxı nümayiş olunub.

Çin tərəfi 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində bir neçə nəşriyyatın iştirak edəcəyini bildirib.