İyunun 22-də Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib.
“Biomüxtəliflik - təbiətin harmoniyası” devizi altında keçirilən tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı əldə ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova tədbir haqqında məlumat verərək bildirib ki, burada milli parklara aid videoçarxlar nümayiş etdirilir, milli parklarda fəaliyyət göstərən ekoturizim marşrutları, xüsusi mühafizə olunan təbiət ərazilərinin flora və faunasına aid tanışlıq guşələri yer alır. Həmçinin ziyarətçilərə milli parklarda asudə vaxtlarını necə maraqlı keçirə biləcəkləri haqqında məlumat verilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd ölkə ərazisində yerləşən milli parkların təbliği, insanlara bu gözəl guşələr haqqında ətraflı məlumat verməkdir: “Bu tədbir ekoloji maarifləndirmə baxımından olduqca əhəmiyyətlidir. Tədbirə gələn ziyarətçilər milli parkların faunası, florası, onların ekosistemləri ilə yaxından tanış olurlar.
Bilirsiniz ki, milli parklar nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsi məqsədi daşıyır. Bu tədbir, eyni zamanda, gənclərdə təbiətə sevgi hissləri formalaşdıracaq”.
Abşeron Milli Parkının direktoru Etibar İbrahimov milli parkların xarici turistlər üçün ideal istirahət məkanı ola biləcəyinə diqqət çəkib: “Abşeron Milli Parkı məsafə olaraq Bakıya çox yaxındır. Eyni zamanda, burada bir çox ekoturizm potensiyalı var.
Abşeron Milli Parkı Azərbaycanın və Avropa qitəsinin materikdəki ən ucqar şərq nöqtəsində yerləşir. Müqayisə üçün onu da deyim ki, Avropanın materikdə olan ən ucqar qərb nöqtəsi isə Portuqaliya ərazisində yerləşən Roka burnudur. Ümumiyyətlə, Abşeron Milli Parkı xarici turistlər üçün ideal məkandır. Parkın yerləşdiyi coğrafi ərazi 3 tərəfdən dənizin əhatəsindədir. Hazırda ziyarətçilər üçün parkda paraşüt uçuşları, velosiped və skuterlərlə gəzinti kimi fəaliyyətlər mövcuddur.
Qeyd edim ki, yaxın 15 gün ərzində Abşeron Milli Parkının ərazisində elektrik mühərrikli qayıqlarla dəniz gəzintisi də etmək mümkün olacaq”.
Göygöl Milli Parkının direktoru Fuad Quliyev isə gənclərə tövsiyə edib ki, onlar öz asudə vaxtlarını Azərbaycanın görməli təbiət ərazilərində keçirsinlər: “Ölkəmizin gözəl guşələrindən biri də Göygöl Milli Parkıdır. Bura zəngin bitki örtüyünə malikdir. Hazırda Milli Parkda 423-dən çox bitki növü var və həmin bitkilərin 100-dən çoxu dərman bitkiləridir. Gələcəkdə Göygöl Milli Parkında yetişən dərman bitkilərinin sayının artırılması, eyni zamanda onlardan istiqamətli şəkildə istifadə edilməsi mümkündür”.
Tədbir iştirakçılarından Ramin Abbasov belə tədbirlərin ictimai yerlərdə keçirilməsinin zəruri olduğunu deyib: “Milli parklar barədə ətraflı məlumat əldə etmək həm mənim, həm də övladlarım üçün olduqca maraqlıdır. Xüsusilə uşaqlar ölkəmizin təbiət əraziləri haqqında geniş biliklər əldə edə bilirlər. Artıq bizim ailə üçün növbəti üz tutacağımız Milli Parkla bağlı fikir tam formalaşıb”.
Eyni zamanda, tədbirdə interaktiv zona yaradılıb. Burada həvəskar rəssamlar və könüllülər milli parklara aid rəsmlər çəkib, iştirakçılar arasında ekoviktorina, “Ekosfera” sosial-ekoloji mərkəz tərəfindən müxtəlif interaktiv oyunlar təşkil olunub. Qaliblər ekoçanta, ətraf mühitin mühafizəsinə aid kitab və milli parklara giriş bileti ilə mükafatlandırılıb.