Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-25 iyun tarixlərində Bakıda Rusiya Mədəniyyəti Günləri keçirilir.

Mədəniyyət günləri çərçivəsində iyunun 23-də tanınmış rusiyalı pianoçu Aleksey Melnikovun Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ustad dərsi gerçəkləşib.

Dərs zamanı A.Melnikov öz bilik və təcrübəsini pianoçu tələbələrlə bölüşüb. Gənclərin suallarını cavablandıran musiqiçi onlara öz tövsiyələrini verib.

Qeyd edək ki, A.Melnikov 1990-cı ildə Moskvada doğulub. 2013-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. San-Marino, Yaponiya, ABŞ və s. ölkələrdə beynəlxalq müsabiqələrdə qalib və mükafatçı olub. O cümlədən P.İ.Çaykovski adına nüfuzlu müsabiqənin bürünc medalını (2019, Moskva–Sankt-Peterburq) qazanıb.

Hazırda Sankt-Peterburqun Mariinski Teatrında və Moskva Filarmoniyasında simfonik orkestrlərin solisti kimi fəaliyyət göstərir.