AMEA-nın Folklor İnstitutu Türk xalqları folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin Oğuznamə dövrü” monoqrafiyası çapdan çıxıb.
Kitabda başlanğıcdan sona qədər Oğuznamə yaradıcılığının gedişatı (dinamikası) öyrənilir və bu epik yaradıcılıq hadisəsinin tarixində baş verən mühüm hadisələrin etnik proseslər və tarixi hadisələrlə əlaqəsi araşdırılır. Monoqrafiyada həmçinin Oğuznamə söyləyiciliyi, ifa və poetik forma, eləcə də Oğuznamə mətnlərinin xüsusiyyətləri tədqiq olunur.
Qeyd edək ki, kitab 2013-cü ildə “Oğuznamə yaradıcılığı” adı ilə çapdan çıxıb. Elmi auditoriyanın marağı nəzərə alınaraq kitab təkrar nəşr olunub. Müəllif həmin dövrdən kitabın üzərində işləyərək düzəlişlər edib, dəqiqləşdirmələr aparıb. Kitabın adında edilən dəyişiklik də təsadüfi deyil. Bu ad aparılan araşdırmanın mahiyyətini tam mənası ilə ifadə edir.
“Sabah” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanovdur.