Mədəniyyət Nazirliyi və “Pro Media Group” MMC-nin təşkilatçılığı ilə yeni radio layihələrinə start verilib.
Birgə əməkdaşlıq nəticəsində “Azərbaycan dili”, “Mədəni irsimiz” və “Mədəni afişa” rubrikaları, “Sənətin səsi” verilişi dinləyicilərə təqdim edilir.
“Retro FM” (93.3 FM) radiostansiyasında yayımlanan “Mədəni irsimiz” rubrikasında nəsildən-nəslə ötürülən mədəni irs nümunələrimiz, paytaxt Bakıda, həmçinin Azərbaycanın digər şəhər və rayonlarında yerləşən tarix-memarlıq və mədəniyyət abidələri, binaları haqqında məlumat verilir.
“Avto FM” (107.7 FM) və “Retro FM” (93.3 FM) dalğalarında yayımlanan “Mədəni afişa”da paytaxtda fəaliyyət göstərən teatrlardakı tamaşalar haqqında məlumat diqqətə çatdırılır.
“Azərbaycan dili” isə “Avto FM”, “Retro FM” və “Hit FM” (97.7 FM) radiostansiyalarında yayımlanır.
“Retro FM”in efirində həftəiçi 5 gün saat 13:00-14:00-da canlı yayımlanan “Sənətin səsi” verilişində isə milli musiqimizin inkişafında əvəzsiz xidmətləri olmuş bəstəkar, xanəndə, estrada və opera ifaçıları haqqında onların irsinin tədqiqatçıları, ailə üzvləri və tələbələri ilə müsahibələr təqdim edilir.