Azərbaycanın ilk hərbi operatoru, polkovnik-leytenant Seyidağa Mövsümlünün anım günü keçirilib.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi 20 Yanvar faciəsini, Xocalı soyqırımını, Birinci Qarabağ müharibəsini lentə alan S.Mövsümlünün gördüyü işləri bir daha gənc nəslə tanıtmaqdır.

Tədbirdə İctimai Birliyinin sədri Ceyran Əzizova S.Mövsümlünün vətənə sonsuz sevgisindən söhbət açıb: “Seyidağa Mövsümlü sözün əsl mənasında vətənpərvər idi. Onun ürəyi Vətən sevgisi ilə döyünürdü”.

Diqqətə çatdırılıb ki, S.Mövsümlü tamaşaçıların sevə-sevə izlədikləri “Adı sənin, dadı mənim”, “Kökdən düşmüş piano”, “Bağışla”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Pəncərədə işıq” və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Ancaq xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatında göstərdiyi mərdlik, şücaətə görə tanıyır. S.Mövsümlü 20 Yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Birinci Qarabağ müharibəsini lentə alan ilk operatorlardan biridir. O, 1988-ci ildən başlayaraq ermənilərin törətdikləri cinayətləri lentin yaddaşına köçürmək üçün Qarabağın bütün ərazilərində, eyni zamanda, Naxçıvan və digər bölgələrdə olub”.

Tədbirdə S.Mövsümlünün silahdaşları onun müharibə zamanı göstərdiyi şücaətlərdən bəhs ediblər.

Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən S.Mövsümlünün həyat yoldaşı Nazilə Mövsümlü öz xatirələrini bölüşüb.