III Beynəlxalq Bakı Piano Festivalı çərçivəsində Argentinanın Azərbaycandakı səfirliyi tərəfindən film gecəsi təşkil olunub.
“Landmark Hotel Baku”da keçirilən tədbirdə argentinalı müğənni-bəstəkar Miriam Aleksandra Biançinin həyatından bəhs edən film nümayiş edilib.
Nümayişdən əvvəl festivalın təsisçisi və direktoru, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli və Argentina səfirliyinin nümayəndəsi, konsul Leandro Daniel Verteramo açılış nitqi ilə çıxış ediblər.
Argentinalı konsul ölkəsinin musiqi ənənələri ilə bağlı tamaşaçılara məlumat verib. Həmçinin növbəti, IV Beynəlxalq Bakı Piano Festivalında argentinalı musiqiçilərin də bu tədbirə cəlb edilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, “I’m Gilda” filmi 30 yaşında sənətə atılmağa qərar vermiş, amma sənətinin zirvəsində, 36 yaşında faciəvi şəkildə avtomobil qəzasında həyatını itirmiş, məşhur “Gilda” ləqəbli argentinalı müğənninin yaradıcılıq yolundan bəhs edir.
Xatırladaq ki, ilk dəfə 2022-ci ildə baş tutan və bu il 3-cü dəfə keçirilən Beynəlxalq Bakı Piano Festivalının iyunun 16-da Rebeka Orteqa – “Flamenco Company”nin iştirakı ilə flamenko konserti ilə açılışı baş tutub. İki həftə davam edəcək festival iyunun 29-da İsak Jamba qrupunun ifası - Braziliya samba konserti ilə başa çatacaq.