Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin nəzdində fəaliyyət göstərən “AzMİU Academy” növbəti məzunlarını yola salıb.

Bu barədə universitetdən bildirilib. Mərasimdən öncə “AzMİU Academy” haqqında ətraflı məlumat verilib. Bildirilib ki, iki ildir fəaliyyət göstərən akademiya tələbələrin mühəndis proqramlarının mənimsənilməsinə olan ehtiyaclarının ödənilməsi məqsədilə təşkil olunur. Burada ödənişsiz olaraq “Autocad”, “3D Max”, “Adobe İllustrator”, “Adobe Photoshop”, “Corel Draw”, “Ofis” proqramları tədris edilir. Akademiyanın fəaliyyətə başladığı gündən indiyə qədər 400-dən çox tələbə bu kurslardan yararlanıb. Cari ildə isə kurslara 200 tələbə müraciət edib ki, onlardan 50-si təhsilini müvəffəqiyyətlə tamamlayıb.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev və İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev çıxış edərək mütəmadi təşkil edilən layihənin gənclər üçün önəminə toxunublar. Çıxışlarda kursların mühəndis proqramlarını daha dərindən mənimsəməyə dəstək göstərdiyi, səmərəli təhsil mühiti yaratdığı və ən əsası təhsil keyfiyyətini yüksəltdiyi qeyd olunub.

Tədbirdə “AzMİU Academy”ni müvəffəqiyyətlə bitirən tələbələrə universitet rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunub.