İyunun 24-də Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının dəstəyi ilə həyata keçirilən “Sənətkarın dostu” layihəsi üzrə növbəti görüş olub.

26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş görüşdə şəhid ailələri, qazilər və paytaxtımızda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən nümayəndələr iştirak ediblər. Dövlət Mahnı Teatrında keçirilən görüşün budəfəki qonağı hərbi diktor, hərbi-vətənpərvərlik nəğmələrinin tanınmış ifaçısı Şəmistan Əlizamanlı olub.

MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov iştirakçıları salamlayaraq bildirib ki, hərbi-vətənpərvərlik mövzularında müxtəlif formatlı tədbirlərin təşkili mərkəzin prioritetlərindən biridir.

MEMİM-in əməkdaşı Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən tədbirdə 44 günlük Vətən müharibəsində Qələbənin əldə olunmasında hərbi nəğmələrin rolu və gənclərin milli ruhda tərbiyə edilməsinin əhəmiyyəti ilə bağlı söhbət aparılıb. Şəmistan Əlizamanlı sənətdə ilk addımlarından bəhs edərək Azərbaycan hərb musiqisinin tarixi, inkişafı və əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə Ş.Əlizamanlı “Ana Vətən”, “Cənab leytenant” və “Can Azərbaycan” mahnılarını, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri (bədii rəhbər – Əməkdar incəsənət xadimi Əlibala Rzayev) “Marş”, “Vətən marşı”, Niyazi adına Şuşa şəhər Uşaq incəsənət məktəbinin (Bakı şəhəri) kollektivi “Şuşa fatehləri” əsərlərini səsləndiriblər.

Xatırladaq ki, “Sənətkarın dostu” layihəsi üzrə ilk görüş Üzeyir Hacıbəylinin Ev-Muzeyində tanınmış pianoçu, Xalq artisti Ülviyyə Hacıbəyova ilə olmuşdu.