Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) “Rusiya və Azərbaycanın regional layihələr və təşəbbüslər çərçivəsində əməkdaşlığı” mövzusunda beşinci iclası iyunun 21-də Bakıda keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəsinin rəhbəri İqor Maslov, digər rəsmilər iştirak ediblər.
Tədbirə moderatorluq edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev RAEŞ platformasının 2021-ci ildə yaradıldığını diqqətə çatdırıb, toplantıda regional məsələlər, o cümlədən nəqliyyat, regional təhlükəsizlik və digər sahələrə dair müzakirələrin aparılacağını deyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə son onilliklər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində aparılan ardıcıl işin məntiqi nəticəsidir. Ölkələrimiz arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsi və inkişafı tendensiyası müşahidə olunur. Rusiyanın regionlarının azərbaycanlı tərəfdaşları ilə iqtisadi-ticari, elmi-texniki, mədəni əlaqələr üzrə 10-dan artıq sazişi həyata keçirilir. Humanitar və təhsil sahələrində əməkdaşlıq da uğurla inkişaf edir. Azərbaycanda Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı uğurla fəaliyyət göstərir. Təxminən 340 məktəbdə 140 mindən çox uşaq rus dilində olan sektorlarda oxuyur. Azərbaycanın universitetlərində rus dili bölmələrində 15 min tələbə təhsil alır.
Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinə (23–25 iyun) də toxunan Hikmət Hacıyev il ərzində çoxsaylı mədəni tədbirlərin də nəzərdə tutulduğunu deyib. Bildirib ki, bütün bunlar ölkələrimizin dost xalqları arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.
İqor Maslov çıxışında bildirib ki, 2021-ci ildə RAEŞ ekspert platformasının yaradılması barədə qərar çox düzgün və səmərəli olub. İki ölkənin ekspertləri aktual məsələləri müzakirə edirlər.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov qeyd edib ki, Rusiya Cənubi Qafqazda sabitliyin və firavanlığın bərqərar olmasında maraqlıdır və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə hazırdır.
Azərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov, Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru İvan Timofeyev çıxış ediblər.
Sonra “Rusiya-Azərbaycan müttəfiqlik qarşılıqlı fəaliyyətinin prioritetləri”, “Rusiya və Azərbaycanın regional əməkdaşlığının aktual formatları və aspektləri” və digər mövzularda müzakirələr aparılıb.