“Gördüyümüz isti münasibət həm də azərbaycanlıların qəlbindən gələn hərarətdir”

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-25 iyun tarixlərində Bakıda Rusiya Mədəniyyəti Günləri keçirilib.

İyunun 24-də Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi və “Rus klassikası” adlı qala-konsert təşkil olundu.

Konserti iki ölkənin rəsmiləri, mədəniyyət xadimləri, sənətsevərlər izləyirdilər. 

Tədbirdən öncə mediaya müsahibə verən Rusiya mədəniyyət nazirinin müavini Andrey Malışev deyib: “Mən uzun müddətdir gözəl Bakıya gəlməmişdim. Ötən zaman ərzində şəhər daha da gözəlləşib. Bütün artistlər buradakı gözəl, mehriban və səmimi atmosferi qeyd edirlər. Gördüyümüz isti münasibət təkcə havadan deyil, azərbaycanlıların qəlbindən gələn hərarətdir. Bu gün biz Azərbaycanda 2019-cu ildən sonra növbəti Rusiya Mədəniyyəti Günlərini açırıq. Çox ümid edirəm ki, yenidən başladığımız bu iş bundan sonra da davam etdiriləcək və ənənəvi olaraq hər il keçiriləcək”.

Gələn il Rusiyada Azərbaycan Mədəniyyəti Günlərini təşkil edəcəklərini bildirən qonaq bu il üçün də müxtəlif layihələrin nəzərdə tutulduğunu deyib: “Rusiya teatrları Azərbaycana gələcək. Ümid edirəm ki, təkcə Bakıya deyil. Eyni zamanda kino sahəsində tədbirlərin, sərgi layihələrinin keçirilməsi də planlaşdırılır. Əminəm ki, mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrimiz yüksək səviyyədə davam etdiriləcək”.

***

Rus klassik musiqisinin həvəskarları ilə dolub-daşan Heydər Əliyev Sarayında əvvəlcə Rusiya mədəniyyət nazirinin müavini səhnəyə dəvət olundu. Andrey Malışev nümayəndə heyətinin səmimi qarşılanmasına və Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinə dəstəyinə görə Azərbaycan Respublikası Hökumətinə təşəkkürünü bildirdi.

Qeyd edildi ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir: “Azərbaycanda Rusiya Mədəniyyəti Günləri axırıncı dəfə beş il əvvəl olub. İstəyirik ki, bundan sonra bu tədbiri ildə bir dəfə olmaqla mütəmadi keçirək. Məhz bu kimi mədəni layihələr iki dövlətin strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrinin daha da inkişafına şərait yaradır. İnanıram ki, bu gün rusiyalı incəsənət ustalarının azərbaycanlı həmkarları ilə birgə çıxışı da bu əməkdaşlığın ən gözəl nümunəsi kimi alqışlanacaq”.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında iki ölkə arasında mədəni əlaqələrin dinamik şəkildə inkişaf etdiyini bildirdi¸ mədəniyyət günlərinin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, ölkələrimizin mədəniyyət xadimləri, incəsənət ustaları, yaradıcı kollektivləri həm Rusiyada, həm də Azərbaycanda keçirilən bir çox festivallarda və mədəni tədbirlərdə iştirak edirlər. Bir müddət əvvəl Bakıda keçirilən Rusiya kinosu günləri böyük maraqla qarşılandı. Mədəni əlaqələr incəsənət ustaları arasında təcrübə mübadiləsinə də yol açır.

Çıxışlardan sonra qala-konsert təqdim olundu.

Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor – Rusiyanın Əməkdar artisti İvan Rudin) Aleksey Melnikov (fortepiano), Sergey Doqadin (violin) və Mariya Barakovanın (mezzo-soprano) çıxışları tamaşaçıların alqışları ilə qarşılandı. Azərbaycan vokalçılarının rusiyalı ifaçılarla birgə səhnəni bölüşməsi də böyük alqış doğurdu.

P.Çaykovski, S.Raxmaninov, D.Şostakoviç və N.A.Rimski-Korsakovun əsərlərinin yer aldığı proqram tamaşaçılara unudulmaz anlar bəxş etdi.

 

Rusiyalı sənətçilərin ustad dərsləri

 

Bakıda keçirilən Rusiya Mədəniyyəti Günləri çərçivəsində iyunun 25-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiyadan gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın iştirakı ilə aktyor sənəti, Alina İvax tərəfindən isə vokal üzrə ustad dərsləri təşkil olunub.

Ustad dərsində incəsənət sahəsi və aktyorluq üzrə təhsil alan tələbələr iştirak ediblər.

Yaradıcılıq yolundan danışan Moskva Quberniya Teatrının truppa rəhbəri Alina İvax bildirib ki, vokalçılar üçün aktyorluq sənətini tədris etməklə yanaşı, “vokal terapiyası” üzrə ustad dərslərinə də rəhbərlik edir.

A.İvax Rusiyada artıq yeddinci dəfə keçiriləcək beynəlxalq uşaq festivalı haqqında da məlumat verib. Bildirib ki, “Roskonsert” həm regionlarda, həm də ölkədən kənarda festivala pedaqoqlar və sənət adamlarını cəlb edir. “Biz səbirsizliklə azərbaycanlı sənət adamlarını da Moskvada gözləyirik. Ümid edirəm ki, mədəniyyət sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı bundan sonra da inkişaf edəcək. Bu, çox vacibdir. Çünki təcrübə mübadiləsi həmişə zənginlik gətirir”, – deyə o əlavə edib.

Qonaq sənətçilər Azərbaycan incəsənəti, xüsusilə də, film və tamaşalarımızı izlədiklərini diqqətə çatdırıblar.

Ustad dərsində müəllif, ssenari,  aktyor, səs məsələləri, habelə yeni nəsil aktyorlar, repertuar və dramaturgiya mövzusunda fikir mübadiləsi aparılıb.

Yeni aktyor nəslinin tamaşaçını cəlb etmə xüsusiyyətləri, teatrda yeni adlar və tamaşaçı marağı ilə bağlı söhbət açılıb. Bildirilib ki, Rusiyada yeni dram əsərləri əvvəlcə regionlarda səhnələşdirilir, daha sonra paytaxtda fəaliyyət göstərən rejissorlar onların sırasından ən yaxşılarını seçib təqdim edirlər.

Qonaqlar Rusiya teatrlarında tətbiq olunan yeni yanaşmalardan bəhs edib, tələbələrin suallarını cavablandırıblar.

Qeyd edək ki, Rusiya Mədəniyyəti Günləri çərçivəsində iyunun 23-də tanınmış pianoçu Aleksey Melnikovun Bakı Musiqi Akademiyasında ustad dərsi də gerçəkləşib.

***

İyunun 25-də axşam sənətsevərlər Akademik Rus Dram Teatrının səhnəsində Moskva Quberniya Teatrının təqdim etdiyi Aleksandr Ostrovskinin “Ailə şəkli” pyesinin tamaşanı izləyiblər.

Lalə Azəri