Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrasının təşəbbüsü ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “İlham Əliyev və müasir Azərbaycanda ordu quruculuğu siyasəti” mövzusunda tədbir keçirilib. 

Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təhsil ocağının Siyasi və ictimai elmlər kafedrasının müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski çıxış edərək bildirib ki, güclü maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ardıcıl, rasional və məqsədyönlü siyasi strategiya nəticəsində formalaşıb. Xüsusilə, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın erməni işğalı altında olan torpaqların azad edilməsi, Azərbaycan xalqının və əsgərinin Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək dünya hərb tarixində yeni və parlaq səhifə açması ordu quruculuğunun yüksək səviyyədə həyata keçirildiyini sübut edir.  

Daha sonra kafedranın müəllimi Samir Hümbətov Azərbaycan Respublikasının xarici siyasətində müdafiə qabiliyyətinin təsirləri mövzusunda çıxış edib. Qeyd olunub ki,  Ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrilib.