“Landmar Hotel”də “Baku Piano Festival” çərçivəsində “Piano, Art & Wine” adlı incəsənət tədbiri təşkil edilib.

“Arts Council Azerbaijan”ın rəssamlar komandası tədbir əsnasında təsviri sənət üzrə ustad dərsi veriblər. İştirakçılar pianoçuların canlı ifası və bir qədəh şərabın müşayiəti ilə kətan üzərində əsərlər yaradıblar. Onlar eyni kompozisiyanı çəksələr də, nəticə hər kəs üçün fərqli olub. Gecənin qonaqlarına rəssamlar Dadaş Məmmədov, Eldar Babazadə, Röya Həsən, Nailə Məhərrəmova, Mələk Abbaszadə və Ləman Hacıyeva kömək ediblər.

“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədovun sözlərinə görə, “Art & Wine” layihəsi 2012-ci ildən həyata keçirilir. Builki tədbir xüsusən “Baku Piano Festival” üçün yeni formatda - klassik musiqinin canlı ifası ilə təqdim olunub.

“Keçən il bu hadisə çox yaxşı qarşılandı və bir daha təkrarlanması xahiş edildi. İnsanların musiqi dinləyərkən şəkil çəkmək istəyi bizi sevindirir - bu, çox dəyərlidir. Bu tədbirdə iştirak etmək üçün rəsm çəkə bilməyiniz vacib deyil. Burada iştirakçılara tam sərbəstlik verilir. Musiqi bu prosesdə böyük rol oynayır! Bu, çox vacib elementdir. Elə tədbiri dinamik edən də musiqi, rəsm və şərabın vəhdətidir”, -deyə həmsöhbətimiz qeyd edib.

Festivalın direktoru, Azərbaycanın Əməkdar artisti Şahin Növrəsli də AZƏRTAC-ın müxbiri ilə söhbətində tədbiri belə şərh edib: “Bu, əla layihədir. O, musiqi, rəsm və şərabı birləşdirir. Proqram üçün klassik musiqini seçdik - fikrimizcə, o, belə bir axşam üçün idealdır. Həm də bu, festival çərçivəsində musiqini digər janrlarla birləşdirən yeganə layihə deyil: rəqslərimiz, film nümayişimiz, tamaşalarımız da var. Piano öz ətrafında hər şeyi birləşdirən kral alətidir, orkestr alətidir. Ona görə də mən artıq festivalımızı musiqi festivalı deyil, mədəniyyət festivalı adlandırıram”.

İyunun 16-dan 29-dək paytaxtda üçüncü “Baku Piano Festival” keçirilir. Bakılılar və şəhərin qonaqları üçün müxtəlif ölkələrin virtuozlarının rəngarəng konsert proqramı hazırlanıb. Bundan əlavə, festival çərçivəsində film nümayişləri, bədii tədbirlər və teatr tamaşaları təşkil olunur.