Yerlərdə Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə (26 iyun) həsr olunmuş bir sıra tədbirlər keçirilib.

Mingəçevir Turizm Kollecində "Biz narkotikə yox deyirik!" mövzusunda maarifləndirici tədbir keçirilib. Qeyd edilib ki, narkotik aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi və yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın qısa müddətdə sıradan çıxmasına səbəb olur.

Narkotik vasitələrin insan orqanizmində törətdiyi fəsadlar haqqında videoçarx nümayiş etdirilib, tələbələrin fikirləri dinlənilib.

***

Siyəzəndə “Mən narkotiklərə yox deyirəm!” mövzusunda esse müsabiqəsinə yekun vurulub. Siyəzən rayon Heydər Əliyev Mərkəzi, Quba-Xaçmaz RGİİ-nin Siyəzən rayonu üzrə sektoru və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə may ayında elan olunan müsabiqədə 60-dan çox gənc iştirak edib.

Müsabiqə “Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə təşkil olunub. Heydər Əliyev Mərkəzində təşkil olunan mükafatlandırma mərasimində müsabiqədə yer tutan və fərqlənən iştirakçılar diplom, fəxri fərman, medal və hədiyyələrlə təltif ediliblər.

Siyəzən rayon Mədəniyyət Mərkəzində “Narkomaniyaya yox deyək!” adlı tədbir təşkil edilib. İştirakçılar mərkəzin foyesində təşkil olunmuş sərgi ilə də tanış olublar.

***

Lerik rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə hər birimizin vətəndaşlıq borcudur!” mövzusunda maarifləndirici tədbir keçirilib. Çıxışlardan sonra “Narkomaniyaya yox deyək!” mövzusunda videoçarx nümayiş olunub. Şagirdləri və gəncləri maraqlandıran suallar cavablandırılıb.

Astara rayon Heydər Əliyev Mərkəzində “Gələcəyimizə sahib çıxaq – narkotiklərə yox deyək!" mövzusunda tədbir təşkil edilib. Çıxışlardan sonra tədbir iştirakçıları mərkəzin elektron kitabxanasında saxlanılan kitablar və rəssamlıq dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.