İyunun 27-də Azərbaycan Mətbuat Şurasında veteran jurnalist Hidayət Elvüsalın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib.
MŞ sədri Rəşad Məcid yubilyarın ömür yolu barədə məlumat verib. Bildirib ki, 1949-cu il iyununun 25-də Kəlbəcərdə anadan olmuş Hidayət Elvüsal Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. Rayonda çıxan “Yenilik” qəzetində, yerli radio verilişləri redaksiyasında çalışıb, həmçinin Azərbaycan Radiosu ilə əməkdaşlıq edib. Bakıda müxtəlif qəzetlərdə işləyib, ötən əsrin 90-cı illərinin əvvəllərində böyük populyarlıq qazanmış “Səhər” qəzetinin yaradıcılarından biri olub.
MŞ sədri bildirib ki, H.Elvüsalın xüsusən “Belə-belə işlər” rubrikası ilə dərc edilən yazıları cəmiyyətin ruhundan xəbər verib. O sonralar eyniadlı qəzet də təsis edib. Vurğulanıb ki, H.Elvüsal mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınıb.
Rəşad Məcid yubilyara MŞ-nin diplomunu təqdim edib.
“Ədalət” qəzetinin təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, H.Elvüsalın tələbəlik və iş yoldaşlarından Rəhim Hüseynzadə, İsrafil Qurbanov, Əli Şamil, Akif Cabbarlı, İmran Bədirxanlı, Adil Cəmil və başqaları yubilyar haqqında ürək sözlərini bölüşüblər.
Sonda çıxış edən H.Elvüsal ona göstərilən diqqətə, haqqında söylənilən xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.