27-28 iyun tarixlərində “Bakı Kristal Zal”da SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış Azərbaycanın və regionun əsas startap tədbiri olan “Baku ID” (“Baku Investment Day”) innovasiya festivalı keçirilir.

SABAH.HUB-ın baş icraçı direktoru Rəhim Bayramlı builki “Baku ID” tədbirinə 200-dən artıq yerli və xarici investorun, 100-dən çox xarici və yerli startapın, 50-dən artıq tərəfdaşın qatıldığını bildirib.

Tədbir çərçivəsində Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcının media nümayəndələri ilə görüşü keçirilib. O, “Baku ID” tədbirinin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, Alper Gezeravcı “Baku ID”nin “Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” paneldə iştirak edib.

Panel müzakirəsinin sonunda tədbir iştirakçıları üçün Alper Gezeravcı ilə avtoqraf sessiyası olub.