Birinci Qarabağ müharibəsinin şəhidi Zeynalov Ucar Fidail oğlunun cəsədinin qalıqları iyunun 27-də doğulduğu Göygöl rayonuna gətirilib.

Vida mərasimindən sonra şəhidin cəsədinin qalıqları Göygöl rayon Pənahlılar kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, kənd sakinləri iştirak ediblər.

Şəhidin ruhuna dualar oxunub, məzarına tər güllər düzülüb, əklil qoyulub.

Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası iyunun 25-də məlumat yayaraq aidiyyəti qurumların mütəxəssis heyəti  tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan daha 20 nəfərin şəxsiyyətinin müəyyən olunduğunu bildirmişdi.

Birinci Qarabağ müharibəsində müxtəlif yerlərdə naməlum şəhid kimi dəfn olunmuşdular. Həmin şəxslərin öz adları ilə, ailələrinin iştirakı ilə dəfn mərasimlərinin təşkili ilə bağlı işlər həyata keçirilir.