Adriatik dənizində aşkarlanıb

 

Aralıq dənizinin bir hissəsi sayılan yarıqapalı Adriatik dənizinin (Apennin və Balkan yarımadaları arasında) sahilə yaxın yerində 7 min il tarixi olan yol tapılıb. Üst-üstə yığılmış daşlardan hazırlanmış sualtı keçidin görüntüləri də yayımlanıb.

Daş yol Xorvatiyanın Korçula adasının sahillərində aşkar edilən yol dənizin təxminən 4-5 metr dibində yerləşir. Arxeoloqlar ilk dəfə 2021-ci ildə Korçula ətrafındakı suların peyk şəkillərini araşdıraraq Soline adlanan bu arxeoloji ərazini müəyyən ediblər.

Zadar Universitetinin arxeologiya departamentindən tədqiqatçı İqor Borziç və onun həmkarları bu yaxınlarda dəniz dibində qeyri-adi strukturlar aşkarlayıblar. Bundan sonra komanda daha yaxından baxmaq üçün orada dalğıc ekspedisiyalarına başlayıb. Nəticədə Korçulanın qərb sahilindəki Qradina körfəzində 7 minillik yolun qalıqları tapılıb.

Universitetdən verilən açıqlamada deyilir ki, Korçula adasındakı Neolit dövrünə aid Soline arxeoloji sahəsində sualtı araşdırmalar zamanı arxeoloqlar onları təəccübləndirən qalıqlar tapıblar.

Təxminən 4 metr eni olan yol Solinedə indiyədək aşkar edilən 4 min 900 il yaşı olan digər tarixi artefaktlardan daha qədimdir. Komanda suyun altında çaxmaqdaşından bıçaqlar, daş baltalar və dəyirmandaşı parçaları da tapıblar. Artefaktlar təxminən 7 min il əvvəl Adriatik dənizinin şimal-şərqindəki adalarda və sahillərində məskunlaşmış Hvar xalqlarının irsinə işıq salacaq.