İyulun 4-də Heydər Əliyev Mərkəzində “SABAH-ın məzunu – 2024” mərasimi keçirilib.
Mərasimdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr iştirak ediblər.
Əvvəlcə SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanışlıq olub.
Mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev SABAH qruplarının nailiyyətlərindən söz açıb. Bildirib ki, SABAH-ın məqsədi rəqabət mühiti yaratmaqdır. İndiyədək SABAH-ın təşkil etdiyi startaplar 9 milyon manata yaxın xarici investisiyalar əldə edib.
Nazir 2024–2025-ci tədris ilindən etibarən Qarabağ Universitetində də SABAH qruplarının fəaliyyətə başlayacağını diqqətə çatdırıb.
Tədbirdə hər il təkrarlanan ənənə – rəmzi “SABAH açarı”nın hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi mərasimi də keçirilib.
Yüksək göstəriciləri ilə fərqlənən məzunlar təltif olunublar.
SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, 2023–2024-cü tədris ilində 10 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 727 bakalavr, 8 ixtisas üzrə 339 magistr SABAH qruplarından məzun olur.
Hazırda Elm və Təhsil Nazirliyi SABAH qrupları 10 ali təhsil müəssisəsini, 7 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət, idman) 55 ixtisası, 2846 tələbəni və bu ilin məzunları da daxil olmaqla ümumilikdə 2014–2024-cü illər ərzində 6842 məzunu (bakalavr və magistr pillələri üzrə) əhatə edir.
Ümumilikdə bu qruplar üzrə 2014–2024-cü illər ərzində məzunlar da daxil olmaqla tələbə sayı 9688 nəfər olub.
SABAH qrupları layihəsi əmək bazarının artan tələblərinə müvafiq olaraq intellektual və yaradıcılıq potensialının inkişafı, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etmək məqsədilə fəaliyyətə başlayıb.