Azərbaycan aşıq sənətinin inkişafı və təbliğində əməyi keçən ustadlardan biri də Göyçə saz-söz mühitinin yetirməsi Aşıq Əsəddir. Dədə Ələsgərdən aşıqlığın sirlərini əxz edən sənətkar gözəl ifası və dərin məzmunlu bədii yaradıcılığı ilə ölkəmizdə məşhur olub. Bu il ustad aşığın anadan olmasının 150 illik yubileyidir.

Əslən Tovuz rayonunun Bozalqanlı kəndindən olan Əsəd Əhməd oğlu Rzayev 1874-cü ildə Göyçə mahalının Qaraqoyunlu kəndində dünyaya göz açıb. Əsəd gənc ikən atası dünyadan vaxtsız köçür. Bu qəfil itkidən ailənin güzəranı ağırlaşır. O, dolanışıq ucbatından bir neçə il nökərçilik edir. Vaxt tapanda elin toy məclislərində iştirak edir. Saz çalınarkən qaynar təbi cuşa gəlir, bədahətən şeirlər söyləyir. Yanıqlı ifası ilə diqqətləri özünə çəkir, el-obada sevilir. Amma bu ulu sənətin dəyişməz bir ənənəsi var – ustad və şəyird. O da bu sənətə dərindən yiyələnmək üçün mütləq ustad yanında olmalı idi. Gənc Əsədin sənətdə bəxti üzünə gülür, böyük saz-söz ustadı Aşıq Ələsgərin şəyirdi olur. On ilə yaxın ustadı ilə birlikdə məclislər yola verir. Şaqraq, məlahətli avazı ilə sənətsevərlərin könlünü oxşayır. Dədə Ələsgər gündən-günə püxtələşən Əsədə rüsxət verir. Beləliklə, Əsəd 1895-ci ildən müstəqil aşıqlığa başlayır, ağır el məclislərini yola verir. Eyni zamanda aşiqanə lirik şeirlər qələmə alır, həm söz sənətkarlarının və həm də öz şeirlərini oxuyur.

Aşıq Əsədin uğurlu sənət yolu çox da uzun çəkmir. 1918-ci ildə daşnak ordusunun zabiti Selikovun öldürülməsində günahkar bilinir. Bu səbəbdən qardaşı Məhəmmədlə birgə həbs olunur. Müsavat partiyası Göyçə təşkilatının köməyi ilə həbsdən qaçırılır. Sovetləşmədən sonra bir müddət ordu sıralarında xidmət edir. Ordudan qayıtdıqdan sonra özünü təhlükəsiz olmadığını hiss etdiyindən Göycədən köçmək qərarına gəlir. Ata-baba yurdu – Tovuz rayonunun Bozalqanlı kəndində məskunlaşır. O, mülayim və insansevər xarakteri, bənzərsiz sənəti ilə kənd camaatı arasında hörmət qazanır. Bu eldə də toy-düyünlərdə başa çəkilir. Sənətinin şöhrəti Tovuz elinin hüdudlarını aşır. 1928-ci ildə Azərbaycan aşıqlarının birinci qurultayında iştirak edən sənətkar yüksək ifaçılıq məharətinə görə mükafata layiq görülür. 1938-ci ildə Moskva şəhərində ilk dəfə keçirilən Azərbaycan incəsənəti ongünlüyündə iştirak edir. Yenə də sənəti ilə diqqətləri özünə cəlb etməyi bacarır, “Şərəf nişanı” ordeni ilə təltif olunur. İfaçılıq qabiliyyətini yüksək qiymətləndirən Xalq şairi Səməd Vurğun ona “Aşıqların sultanı” adını verir. Aşıq Əsədin bədii yaradıcılığı da ictimaiyyət arasında maraqla qarşılanır. Daha sonra Yazıçılar İttifaqına üzv qəbul edilir.

Folklorşünas Hümbət Əlizadə “Koroğlu” dastanının bir neçə qolunu, xalq dastanlarından bir çoxunu Aşıq Əsədin dilindən yazıya alıb. Onun yaxından köməkliyi sayəsində aşığın ilk şeirlər kitabı işıq üzü görüb. İkinci şeirlər kitabı isə çox sonralar, 1979-cu ildə çap olunub.

Aşıq Əsəd ustad sənətkar kimi Göyçə, Tovuz, Qazax bölgələrində onlarla aşıq yetişdirib. O həm də yaradıcı aşıq olub. “Kamal”, “Nizami”, “Aşıq Əsədin İncə xanımla deyişməsi”, “Aşıq Əsədin Minayə xanımla deyişməsi” kimi nümunələr bu gün də el şənliklərində aşıqlar tərəfindən böyük maraqla oxunur və xalq tərəfindən rəğbətlə qarşılanır. Onun yüzlərcə qoşma və gəraylısı bu gün də aşıqların repertuarını bəzəyir. Aşıq Əsəd həmçinin muğam sənətinə maraq göstərib. El şənliklərində çox vaxt dinləyicilərin xahişi ilə xalq mahnıları ilə yanaşı, muğamlarımızı da ifa edib.

Araşdırmalarda Aşıq Əsədin sazının 17 pərdəli və 10 simli olduğu qeyd edilir. Yəni o zaman sazın 3 zil simi olduğu halda, onun sazında 4 zil sim olub. Əlbəttə, 4 simi barmaqda tutmaq sənətkardan böyük ustalıq tələb edir. O, “Zil Qaytağı” oxuyanda səsi şah və divani pərdələrin zillərinə qalxarmış. Sazı isə “xəttəbənd”,  yəni qolunun içi boş və içərisində muncuğaoxşar cisimlər olub.

Aşıq Əsəd ümumrespublika mədəniyyət tədbirlərində daim münsiflər heyətinin üzvü olub. Tiflis radiosunun 1936-cı ildə ilk verilişlərində, daha sonra Şota Rustavelinin yubileyi və digər mədəni tədbirlərdə Aşıq Əsədlə Aşıq Mirzə cütlüyünün parlaq çıxışları böyük alqışlarla qarşılanıb.

Onu da qeyd edək ki, Aşıq Əsəd yaxşı-yaman günlərində heç vaxt ustadı Dədə Ələsgəri unutmayıb. Böyük el şənliklərində daim onun yaradıcılığına müraciət edib və, ustadını ehtiramla yada salıb. Çağdaş və gələcək nəsillər üçün Aşıq Ələsgər ənənələrinin  daşıyıcısı və təbliğatçılarından biri olub. Mənbələrdə o da qeyd olunur ki, sənətkara dövlət tərəfindən daim qayğı göstərilib. Hətta sovet Azərbaycanının rəhbəri Mircəfər Bağırov onu Bakıya dəvət etsə də, sənətkar Tovuz rayonunda qalmağı və ömrünü bu torpaqda başa vurmağı məqsədəuyğun hesab edib.

El-obasının sənətsevər ziyalıları ilə fəxr edən aşıq təbiətdən də böyük zövq alıb. Şeirlərində yurdunun təbiət gözəlliklərini səmimi bir dillə tərənnüm edib. Ustad Aşıq Ələsgərdən sənətin incəliklərini öyrənməsi, Gəncəbasar elində böyük şövqlə ağır məclislər yola salması onun sənət şöhrətini yüksəklərə aldırıb.

Kamil bağban bağ becərər, gül əkər,
Sahibi var onun, üzə bilməzsən.
Sınar qol-qanadın düşərsən yerə,
Tutar səni qəhri-qəza bilməzsən.

Ulu ozan sənəti ənənələrini yaşadan, onu öz naxışları ilə zənginləşdirən, aşıq şeirinin müxtəlif şəkillərində təsirli poetik nümunələr yaradan Aşıq Əsəd 27 aprel 1951-ci ildə, ömrünün 77-ci baharında dünyasını dəyişib. Sənətkarın yaradıcılığı folklorşünaslar tərəfindən araşdırılıb, şeirləri müxtəlif toplularda nəşr edilib.

Savalan Fərəcov