İyulun 17-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Biz gedərik, ancaq qalar ruzigar, Biz ölərik, əsər qalar yadigar” adlı maarifləndirici tədbir keçirilib.

Maddi mədəni irsin qorunması və təbliği məqsədilə təşkil olunan tədbirdə Masallı Tibb Məktəbinin müəllim və tələbələri iştirak ediblər.

Muzeyin kiçik elmi işçisi Dilgüşə Məmmədova bildirib ki, əsrlər boyu dünyada yaşayan xalqların maddi mədəni irsi üçün ən böyük təhlükələr dağıdıcı müharibələr, insan iradəsindən kənar təbii fəlakətlər idisə, bu gün qloballaşma prosesləri də maddi-mənəvi irs üçün ciddi təhdidlərə çevrilib. Ona görə də milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği, eləcə də beynəlxalq səviyyədə mədəni irsin müdafiəsi və mühafizəsinə dəstək hazırda bütün ölkələrin yerinə yetirməli olduğu işdir. Ölkəmizdə tarixi, dini, memarlıq abidələrinin qorunması, bərpası və təbliği diqqətdə saxlanılır.

İştirakçılar muzeyə ekskursiya edərək bölgənin maddi mədəni irs nümunələri ilə yaxından tanış olublar.