Görkəmli dirijor və dünyaşöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazi Tağızadə-Hacıbəyovun vəfatından 40 il ötür.

Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimai xadimlər, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri, bəstəkarlar Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri düzüblər.

Maestro Niyazinin bacısı oğlu Mirsahib Mirneymətoğlu jurnalistlərə açıqlamasında dahi dirijorun xalqa çox yaxın və sadə insan olduğunu qeyd edib. O, görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edib ki, Niyazinin əziz xatirəsi Azərbaycanda hər zaman böyük ehtiramla anılır. M.Mirneymətoğlu əlavə edib ki, maestro nəinki Azərbaycanın, eyni zamanda, bütün Türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.

Niyazinin mənzil-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov maestronun həyat və yaradıcılığından danışıb: “Niyazinin yaradıcılığında ona dünyaşöhrətini gətirən dirijorluq olub. O, dirijor kimi London, Paris, Praqa, Moskva, Budapeşt və başqa şəhərlərdə dövrünün nüfuzlu orkestrlərinə rəhbərlik edib. XX əsrin çox görkəmli şəxsləri Niyazinin evində qonaq olub. O, müxtəlif vaxtlarda ən yüksək fəxri adlara, mükafatlara layiq görülüb, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib. Lakin Niyazi bəstəkarlıqda da uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahərləl Nehru beynəlxalq mükafatını alıb”.

Qeyd edək ki, maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib.

Bu gün Niyazinin adı dünyaşöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək.