Azərbaycan
6 avqust 1939 – İlk azərbaycanlı kinorejissorlardan olan Səməd Həşim oğlu Mərdanov (22.9. 1909 – 1939) vəfat edib. 1939-cu ildə çəkdiyi "Kəndlilər" bədii filmi Azərbaycan kinosunun “qızıl fondu”na daxildir.
6 avqust 1939 – Əməkdar artist Oqtay Əlidadaş oğlu Dadaşov (1939–1999) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub.
6 avqust 1948 – Xalq artisti Süleyman Paşa oğlu Nəcəfov (1948 – 9.5.2012) İrəvan şəhərində doğulub. C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.
6 avqust 1960 – Tanınmış müğənni, aktrisa Firəngiz Rəhimbəyova (1960 – 16.8.2022) Ağdam rayonunun Şişpapaqlar kəndində anadan olub. 1990-cı illərdən ABŞ-da yaşayıb, Los-Anceles şəhərində vəfat edib.
6 avqust 1962 – Əməkdar mədəniyyət işçisi, tarixçi, arxeoloq Kamil Fərhad oğlu İbrahimov (1962 – 15.4.2021) Bakıda anadan olub.
6 avqust 2013 – Prezident İlham Əliyev kinorejissor, Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun 80 illik yubileyi və şair-dramaturq İslam Səfərlinin 90 illik yubileyi haqqında sərəncamlar imzalayıb.
6 avqust 2013 – Prezident İlham Əliyev Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi haqqında sərəncam imzalayıb.
7 avqust 1930 – Milli təsviri sənətin görkəmli nümayəndəsi, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Fərman oğlu Nərimanbəyov (1930 –2.6.2013) Bakıda anadan olub. Natürmort, portret, mənzərə və s. janrlarda əsərlərin, freskaların müəllifidir. Teatr tamaşalarına bədii tərtibat verib, “Dədə Qorqud” filminə rəsmlər çəkib. Parisdə dəfn olunub.
7 avqust 1944 – Şair, ədəbiyyatşünas Əhməd Elbrus (Elbrus Misir oğlu Əhmədov; 1944–2006) Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub.
7 avqust 1960 – Əməkdar artist Yusif Əlibala oğlu Dadaşov (1913–1960) vəfat edib. Gənc Tamaşaçılar Teatrı yaranandan (1928) onun səhnəsində aktyor kimi çıxış edib.
7 avqust 2023 – Əməkdar memar Feyzulla Ağasəfər oğlu Quliyev (2.2.1940 – 2023) vəfat edib.
8 avqust 1936 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədova (1936 – 8.12.2021) Şirvan şəhərində anadan olub. Qafqaz Albaniyası və Azərbaycanda xristianlığın tarixinə dair tədqiqatların müəllifidir.
8 avqust 1943 – Şair, tərcüməçi, ədəbiyyatşünas Ənvər Əhməd (Ənvər Misir oğlu Əhmədov; 1943 – 17.2.2022) Ağcabədi rayonunda anadan olub.
8 avqust 1952 – Tanınmış azərbaycanlı arxeoloq, etnoqraf Davud Mikayıl oğlu Şərifov (1885–1952) vəfat edib. Qəbələ qədim şəhər yerinin ilk arxeoloji ekspedisiyasının rəhbəri olub.
9 avqust 1912 – Əməkdar mədəniyyət işçisi, jurnalist, kino xadimi Bağır Mir Qasım oğlu Seyidzadə (1912-1968) İrəvanda doğulub. Respublikanın kinematoqrafiya naziri, mədəniyyət nazirinin müavini, Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) sədr müavini işləyib.
9 avqust 2001 – Prezident Heydər Əliyev 1 avqustun “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan edilməsi haqqında fərman imzalayıb. Prezident Heydər Əliyevin müvafiq fərmanı ilə 2001-ci il 1 avqust tarixində Azərbaycanda latın qrafikalı əlifbaya keçid başa çatmışdı.
9 avqust 2022 – Əməkdar rəssam Arif Əli oğlu Məhərrəmov (5.8.1948 – 2022) vəfat edib. “Azərbaycanfilm”də bir sıra bədii və animasiya filmlərinin quruluşçu rəssamı olub.
10 avqust 1910 – Aktyor, rejissor, Əməkdar artist İsmayıl Mahmud oğlu Əfəndiyev (1910 – 30.5.1967) Göyçayda anadan olub. “Arşın mal alan” (1945), “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Kölgələr sürünür” filminə quruluş (Ş.Şeyxovla birgə) verib, filmlərin səsləndirilməsində iştirak edib.
10 avqust 1913 – Xalq rəssamı Kazım Məmmədəli oğlu Kazımzadə (1913 – 6.10.1992) anadan olub. Opera tamaşaları (“Leyli və Məcnun”, “Koroğlu”) və filmlərin (“Bir qalanın sirri”, “Qanun naminə”, “Qanlı zəmi” və s.) geyim üzrə rəssamı olub. 1942-ci ildən ömrünün sonunadək Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru işləyib.
10 avqust 1946 – Nasir, tərcüməçi Aydın Ələkbər oğlu Abdullayev (1946 – 15.12.1995) anadan olub.
10 avqust 1949 – Xalq artisti, xanəndə Qəndab Nəbi qızı Quliyeva (1949 – 26.6.2017) Füzuli rayonunun Dilağarda kəndində doğulub. Opera tamaşalarında Leyli, Əsli ("Leyli və Məcnun", "Əsli və Kərəm" – Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl" – M.Maqomayev) və s. partiyaları ifa edib.
11 avqust 1910 – Xalq artisti Konstantin Mixayloviç Myakişev (1910–1990) Bakıda doğulub. 1930-1960-cı illərdə (fasilələrlə) Dövlət Rus Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
11 avqust 1973 – Əməkdar incəsənət xadimi, şair, dramaturq Zeynal Rza oğlu Xəlil (1914–1973) vəfat edib. “Ulduzlar” mənzum romanı, “İntiqam”, “Ata yolu” pyeslərinin müəllifidir.
Dünya
6 avqust 1868 – Fransız yazıçısı, şair, dramaturq Pol Klodel (Paul Claudel; 1868–1955) anadan olub. Əsərləri: “Qızıl baş”, “Girov”, “Boyat çörək”.
6 avqust 1899 – Gürcü aktyoru və rejissoru, SSRİ Xalq artisti Akaki Vasadze (1899–
1978) anadan olub. Filmləri: “Böyük ustadın sağı”, “Ayın oğurlanması”.
7 avqust 1867 – Alman ekspressionist rəssamı Emil Nolde (Hansen; 1867–1956) anadan olub.
7 avqust 1911 – Amerika aktyoru və kinorejissoru Nikolas Rey (Nicholas Ray; 1911–1979) anadan olub. “İdealsız üsyankar” filminə görə “Oskar” mükafatı alıb.
8 avqust 1928 – Rusiyanın Xalq artisti Nina Menşikova (1928–2007) anadan olub. Çəkildiyi filmlər: “Əsgər haqqında ballada”, “Qızlar” və s.
9 avqust 1899 – Avstraliya əsilli ingilis yazıçısı Pamela Trevers (Pamela Lyndon Travers – əsl adı Helen Lyndon Goff; 1899–1996) anadan olub. “Meri Poppinsin macəraları” seriyasından əsərlərin müəllifidir.
9 avqust 1963 – Amerika müğənnisi Vitni Hyuston (Whitney Elizabeth Houston; 1963 – 11.2.2012) anadan olub. Dəfələrlə “Qremmi” və “Emmi” mükafatı qazanıb.
9 avqust 1975 – Görkəmli rus bəstəkarı, pedaqoq Dmitri Şostakoviç (25.9.1906 – 1975) vəfat edib. “Mtsen qəzasının ledi Makbeti” operasının, “Qızıl əsr”, “İşıqlı bulaq” və s. baletlərin, dünya musiqi xəzinəsinə daxil olan simfoniyaların müəllifidir. Filmlərə (“Ovod”, “Hamlet”) musiqi yazıb.
10 avqust 1845 – Qazax klassik ədəbiyyatının banisi, maarifçi şair Abay (əsl adı İbrahim Kunanbayev; 1845–1904) anadan olub. “Qara söz” adlı 45 pritça və fəlsəfi traktatdan ibarət poema ədibin ən böyük əsəridir.
10 avqust 1895 – Rus şairi və yazıçısı Mixail Zoşenko (1895–1958) anadan olub. Əsərləri: “Qaytarılmış gənclik”, “Taras Şevçenko” povestləri və s.
10 avqust 1912 – Braziliya yazıçısı Jorji Amadu (Jorge Amado; 1912–2001) anadan olub. Romanları: “Möcüzələr köşkü”, “Müqəddəsin yox olması”, “Qumsallıq kapitanları” və s.
10 avqust 1960 – Gürcü aktyoru Mamuka Kikaleyşvili (1960 – 3.5.2000) anadan olub. Azərbaycanda rejissor Vaqif Mustafayevin “Yaramaz” filmində (Hətəm) çəkilib.
11 avqust 1748 – Alman bəstəkarı Yozef Şuster (Joseph Schuster; 1748–1812) anadan olub.
11 avqust 1921 – Amerika yazıçısı Aleks Heyli (Alexander Murray Palmer Haley; 1921–1992) anadan olub. Avtobioqrafik “Köklər” romanı ilə şöhrət qazanıb.
Hazırladı: Vüqar Orxan