15-18 avqust tarixlərində Füzuli şəhərinin məktəbliləri üçün yay düşərgəsi təşkil olunacaq. Layihə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə həyata keçiriləcək.
Qazaxıstan Respublikası tərəfindən tikilib istifadəyə verilən Kurmanqazi adına Uşaq yaradıcılıq mərkəzində keçiriləcək düşərgənin məqsədi yay tətili müddətində doğma yurda qayıtmış Füzuli məktəblilərinin asudə vaxtının maraqlı və əyləncəli təşkilidir.
“Füzulidə yay məktəbi” adlı layihədə Özbəkistan Respublikası Prezidentinin hədiyyəsi olan Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edəcəklər. Yay məktəbi çərçivəsində ümumilikdə 200-dək şagird üçün maraqlı proqram tərtib edilib. Tanınmış təhsil, sənət, idman xadimləri müxtəlif təqdimatlarla çıxışlar edəcək, əyləncəli məzmunlu proqram təşkil olunacaq.
Yay məktəbinin ikinci günündə Qarabağ bölgəsi musiqi məktəbləri şagirdlərinin Əməkdar artist, xanəndə Təyyar Bayramovun rəhbərliyi ilə “Qarabağ bülbülləri" Füzulidə” adlı konsert proqramı da keçiriləcək.
Digər günlərdə Xalq artistləri – opera müğənnisi Samir Cəfərov və aktyor Vidadi Həsənov, yazar, ədəbiyyatşünas Ramil Əhmədin müvafiq sahələr üzrə ustad dərsləri təşkil olunacaq.
Şagirdlərin valideynləri ilə görüşlər, məsləhət saatları, eləcə də açıq məkanda əyləncəli yarışmaların keçirilməsi də nəzərdə tutulur.
“Sirab” və “Azərçay” şirkətləri də layihəyə dəstək verəcək.