Ağdaş rayon Mərkəzi Kitabxanasında yerli yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Zaur Məzahirin yeni çap edilmiş “Zəfər yollarında” kitabının təqdimatı olub.

Kitab Ağdaş rayonu üzrə İkinci Dünya müharibəsindən başlayaraq, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinə və eləcə də Vətən yolunda canından keçməyə hazır olan, müxtəlif sahələrdə çalışan, ağır günlərdə “Dəmir yumruq” kimi birləşərək Zəfər yollarında inamla addımlamış döyüşçülərə həsr olunub.

***

Salyan Tarix-Diyarşünaslıq Muzeyi və “Murad” Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Həssas əhali qrupunun məşğulluğuna dəstək” layihəsi çərçivəsində təlim və sərgi keçirilib. Əvvəlcə layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Sonra “Sosial sahibkarlıq”, “Sahibkarlıqla sosial sahibkarlığın fərqli cəhətləri”, “Sosial sahibkarlığın həssas əhali qrupunun məşğulluğuna təsiri” və digər mövzularda məruzələr dinlənilib.

Tədbirdən sonra həssas əhali qrupuna aid olan iştirakçıların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

***

Şəmkir rayon Mərkəzi Kitabxanasının oxuculara xidmət şöbəsi “Cəsur döyüşçü şəhid Hüseynli Anar” adlı tədbir təşkil edib. Anım tədbiri 44 günlük Vətən müharibəsi şəhidi Anar Hüseynlinin anadan olmasının 30-cu ildönümünə həsr olunub.

Çıxışlarda şəhidin həyat və döyüş yolu barədə söz açılıb. Anar Hüseynli 1994-cü il avqustun 13-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. 2020-ci il Vətən müharibəsinin başa çatmasına bir gün qalmış, noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhidlik zirəsinə yüksəlib. Doğulduğu Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası, şəhər, qəsəbə və kənd kitabxanalarında “açıq kitabxana” layihəsinə başlanılıb. Layihənin məqsədi mütaliəyə marağın artırılması, kitabxana-oxucu əlaqələrinin genişləndirilməsidir.

***

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm studiyasının şagirdləri üçün açıq havada rəsm dərsi təşkil olunub. Dərslərin yay mövsümündə mütəmadi keçirilməsi nəzərdə tutulub.

Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən N saylı hərbi hissədə Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü (18 avqust) münasibətilə tədbir keçirilib. Tədbirdə Lənkəran-Astara RMİ-nin tabeliyindəki Cəlilabad rayon Mədəniyyət Mərkəzinin solistləri tərəfindən konsert proqramı təqdim edilib.

Astara rayon Pensər kənd kitabxana filialının təşkilatçılığı ilə kitabxananın həyətində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Yaşıl dünyamızı qorumaq üçün həmrəy olaq!” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, dünyamız bizim sağlam yaşamağımız üçün çox vacibdir. Buna görə də milliyyətindən, irqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq hər bir insan yaşadığı ərazidə ətraf mühitin təmiz saxlanılmasını və təbiəti qorumasını özünə borc bilməli, bunun üçün məsuliyyət daşımalıdır. Sonda mövzu ilə bağlı sərgiyə baxış olub.

N.Məmmədli