Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, akademik Bəxtiyar Vahabzadənin (1925–2009) anadan olmasının 99-cu ildönümü onun doğulduğu Şəki şəhərində qeyd olunub.
Xatirə tədbirinin iştirakçıları əvvəlcə unudulmaz şairin Şəki şəhərinin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.
Sonra tədbir Bəxtiyar Vahabzadənin şəhərin “Yuxarı Baş” məhəlləsində yerləşən ev-muzeyində davam etdirilib.
Çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunublar.
Bildirilib ki, B.Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib. Daim xalqının düşüncə və arzuları, hiss və duyğuları, istək və maraqları ilə yaşayan şairin yaradıcılığı həmişə öz təravətini qoruyub saxlayacaq.
Tədbirdə şairin şeirləri səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub.