Prezident İlham Əliyev: “Ötən ilin sentyabrından sonra regionda yaranmış şərait uzunmüddətli sülh üçün yeni imkanlar açır”

 

Bu il artıq iki dəfə görüşmüşük. Bu gün dövlət səfəri çərçivəsində təmaslarımızı davam etdiririk. Mahiyyət etibarilə artıq müzakirələrə dünəndən başlamışıq. Həm ikitərəfli gündəlik, həm də regional təhlükəsizlik ilə bağlı mühüm məsələlər üzrə geniş fikir mübadiləsi apardıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri avqustun 19-da Rusiya Prezidenti Vladimir Putinlə məhdud formatda görüş zamanı deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. 2022-ci ilin fevralında imzalanan “Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə” uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk.

Prezident Vladimir Putin Bakıya növbəti səfərindən məmnunluğunu ifadə edib: “Bu şəhərin gözəlliyinə bir daha tamaşa etməyimə çox şadam. Əmin oldum ki, Siz və xanımınız onun inkişafına böyük diqqət yetirirsiniz. Bu, göz qabağındadır”. Rusiya rəhbəri qeyd edib ki, münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində imzaladığımız Bəyannamə əsasında inkişaf edir. Bu ilin aprelində Azərbaycan dövlət başçısının Moskvaya səfəri zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verilib.

Vladimir Putin diqqətə çatdırıb ki, Rusiya tərəfdən Azərbaycan iqtisadiyyatına dörd milyard dollar birbaşa investisiyalar qoyulub. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, bu da son hədd deyil. Humanitar əlaqələrə də böyük əhəmiyyət verdiklərini deyən Vladimir Putin rus dilinin inkişafına göstərilən diqqətə görə Azərbaycan rəhbərinə minnətdarlıq edib. Bildirib ki, Azərbaycanda rus dilində 300 məktəb, bizim aparıcı ali təhsil müəssisələrinin filialları fəaliyyət göstərir. Minlərlə azərbaycanlı gənc Rusiya Federasiyasının aparıcı universitetlərində təhsil alır və biz bu qarşılıqlı fəaliyyəti genişləndirməyə hazırıq.

***

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Bakıya ilk dəfə 9-10 yanvar 2001-ci ildə rəsmi səfər edib. Bu, ümumiyyətlə, iki dövlət arasında münasibətlərin tarixində (diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub) Rusiyanın dövlət başçısının Azərbaycana ilk gəlişi idi. Həmin səfər Azərbaycan-Rusiya əlaqələrində etimad havasının əsasını qoymuş, prezidentlər Heydər Əliyev və Vladimir Putin arasında danışıqların yekunu olaraq bir sıra mühüm sənədlər, o cümlədən ikitərəfli münasibətlər haqqında Bakı bəyannaməsi və Xəzər dənizində əməkdaşlıq haqqında bəyanat imzalanmışdı. Vladimir Putinə Bakı Slavyan Universitetinin fəxri doktoru adı və mantiyası da təqdim edilmişdi.

Sonrakı illərdə Vladimir Putin Bakıya ümumilikdə yeddi dəfə gəlib, o cümlədən 2006-cı ilin 21 fevralında “Azərbaycanda Rusiya İli”nin, 2015-ci ilin 12 iyununda Bakıda I Avropa Oyunlarının açılışında iştirak edib. 2016-cı ilin 8 avqustunda Bakıda Azərbaycan-Rusiya-İran sammiti keçirilib. Axırıncı dəfə Vladimir Putin Azərbaycan paytaxtında 27 sentyabr 2018-ci ildə olmuşdu. Bundan əlavə, 2008-2012-ci illərdə Rusiya Federasiyasının Prezidenti olmuş Dmitri Medvedev Azərbaycana iki dəfə səfər edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 20 ildə Rusiyaya dəfələrlə rəsmi, işgüzar, 2022-ci ildə isə dövlət səfəri olub. Bir sözlə, iki dövlət arasında ən yüksək səviyyədə sıx dialoq və ünsiyyət əməkdaşlığın təməlini təşkil edir.

***

Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri avqustun 18-də başlayıb. Vladimir Putin Bakıya axşam saatlarında gəlib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Vladimir Putinlə şam ediblər.

Avqustun 19-da Rusiya Prezidentinin rəsmi qarşılanma mərasimi olub.

Sonra prezidentlər məhdud və geniş tərkibdə görüşlər keçiriblər.

Geniş tərkibdə görüşdə Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin ikitərəfli münasibətlərimiz üçün müstəsna əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev deyib: “Sizinlə artıq fikir mübadiləsi apardıq, dost, qonşu və müttəfiq olan ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə etdik. Bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Bu, çox mətləblərdən xəbər verir. Yəni, qarşılıqlı fəaliyyətin müzakirəsi üçün mövzular çoxdur və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizi möhkəmləndirmək əzmindəyik və əminəm ki, Sizin səfəriniz ölkələrimizin və xalqlarımızın yaxınlaşmasında növbəti mühüm addım olacaq”.

Vladimir Putin isə on gün əvvəl Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın iclasının olduğunu və onunla bərabər hökumət üzvlərinin əksəriyyətinin Bakıya gəldiyini diqqətə çatdıraraq deyib ki, belə geniş tərkibdə iş bizə ən yaxın perspektivdə gələcəyə yönəlmiş addımları müəyyən etməyə imkan verir.

***

Görüşlərdən sonra Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin mübadiləsi olub.

***

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.

 

Prezident İlham Əliyevin bəyanatından

 

Rusiya Federasiyasının Prezidenti Azərbaycanda dövlət səfərindədir. Bizim ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il iki dəfə – bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində görüşmüşük. Amma, əlbəttə ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

 

“Münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyirik”

 

Bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.

2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir.

Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdik. İqtisadi-ticari münasibətlərlə bağlı məsələləri detallı şəkildə təhlil etdik. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq.

Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu gün, həmçinin təhsil sahəsində münasibətlərin inkişafı məsələsini müzakirə etdik.

Eyni zamanda, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.

Dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır.

Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Deməliyəm ki, hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artdığını qeyd etdik.

Energetika sferasında həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyəti geniş təhlil etdik. Biz bu istiqamətdə fəal işləyirik və əminəm ki, gələcəkdə də fəaliyyətimizi əlaqələndirəcəyik.

 

Xəzərdən dünyaya – ekoloji qayğılar

 

Həmçinin hər iki tərəfi narahat edən məsələlər, məhz Xəzərdə ekoloji vəziyyət, onun fəlakətli dayazlaşması üzrə fikir mübadiləsi apardıq. Danışıqlar apardığımız otağın pəncərəsindən Vladimir Vladimiroviçə hələ iki il əvvəl suyun altında olan, bu gün isə artıq bir metr yuxarıya çıxan qayaları göstərdim. Biz bunu Abşeron yarımadasının bütün sahili boyu, həm də Azərbaycanın bütün sahilyanı ərazilərində müşahidə edirik. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün biz birgə səylərlə vəziyyəti təhlil etmək və həm ikitərəfli, həm də beştərəfli formatda həll yollarını müəyyənləşdirmək barədə razılığa gəldik. Yəni, bu ekoloji fəlakətin meydana çıxmasını artıq açıq-aşkar görürük.

Mən Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəklədiyinə görə Rusiya tərəfinə təşəkkürümü bildirdim. Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işləyirik.

Vladimir Vladimiroviç, mənim dəvətimi qəbul etdiyinizə və dövlət səfəri ilə Azərbaycana gəldiyinizə görə bir daha Sizə təşəkkürümü bildirmək istərdim. Şübhəsiz ki, bu səfər tarixi xarakter daşıyır, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.

 

Rusiya Prezidenti Vladimir Putinin bəyanatından

 

Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.

Dünən və bu gün keçirilən danışıqlar əsnasında Sizə görüşümüzün, birgə işimizin başlanması üçün yaradılan səmimi ailə ab-havasına görə təşəkkürümü bildirmək istəyirəm. Bu gün də, sözün əsl mənasında, həmin şəraitdə işgüzar təmaslarımızı davam etdirdik.

Qəbul edilən Birgə Bəyanatda ikitərəfli əlaqələrin bütün kompleksi üzrə gələcək dinamik inkişafın yeni genişmiqyaslı vəzifələri qarşıya qoyuldu. Bu gün imzalanan sənədlər də onların həllinə kömək edəcək. İndicə bunun necə baş verdiyinin şahidi oldunuz.

Danışıqlarda qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın inkişafına diqqət yetirildi. Bu, qanunauyğundur, çünki Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır. Artıq dediyim kimi, Rusiya ən iri investorlar sırasına daxildir və biz buna yalnız sevinirik. Azərbaycan bazarında şirkətlərimiz özünü yetərincə rahat hiss edir. Biz onların işinə yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə minnətdarıq.

Bizim “Şimal-Cənub” layihəsinin reallaşdırılması üzrə birgə planlarımızı da xüsusi qeyd edərdim. Bu, bizə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutları qarşılıqlı fayda və qarşılıqlı maraq kontekstində istifadə etməyə imkan verəcək.

 

Sentyabrda keçiriləcək Sankt-Peterburq Mədəniyyət Forumuna dəvət

 

Humanitar əlaqələr fəal şəkildə genişlənir. İyunda Azərbaycanda Rusiya Mədəniyyəti Günləri uğurla keçirildi, bu çərçivədə sərgilər, konsertlər, teatr tamaşaları, başqa parlaq mədəniyyət hadisələri oldu.

Xoş ənənəyə uyğun olaraq, azərbaycanlı dostlarımızı sentyabrda onuncu – yubiley Sankt-Peterburq Mədəniyyət Forumuna dəvət edirik.

Azərbaycanda rus dilindən hər yerdə və sərbəst istifadə olunur. Rus dilinə göstərilən bu diqqətə görə minnətdarıq. Ölkədə tədrisi rus dilində aparılan 300-dən çox məktəb, həmçinin Moskva Dövlət Universitetinin, Seçenov adına Moskva Tibb Universitetinin filialları fəaliyyət göstərir. Hazırda, – biz elə indicə bunu geniş tərkibdə görüş əsnasında müzakirə etdik, – Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü nəzərdən keçirilir. Azərbaycan Prezidenti bu ideyanı dəstəkləyib. Ümidvaram ki, biz onu kifayət qədər tez həyata keçirəcəyik. Bizim tərəfimizdən Sankt-Peterburq Dövlət Universiteti layihəyə qoşulmağa hazırdır.

Rusiyada, həmçinin Azərbaycan üçün yüksəkixtisaslı kadrların hazırlanması üzrə çox iş görülür. Hazırda Rusiyanın ali məktəblərində 8 minə yaxın azərbaycanlı gənc təhsil alır, o cümlədən onların mindən çoxu Rusiya federal büdcəsi hesabına oxuyur.

Ölkələrimizdə sovet xalqının Böyük Vətən müharibəsində igidliyini hörmətlə anırlar. Xatırlayırlar ki, bizim atalarımız, babalarımız və ulu babalarımız birlikdə ümumi Vətənimizi qoruyublar və dünyanın nasizmdən xilasına həlledici töhfə veriblər. İlham Heydər oğlu ilə razılığa gəldik ki, bizim Böyük Qələbəmizin qarşıdakı 80 illiyini geniş şəkildə qeyd edək.

Danışıqlarda regional gündəliyə dair, təbii ki, Azərbaycanın Xəzər regionunda və Cənubi Qafqazda oynadığı rol nəzərə alınaraq, bir sıra məsələlər də müzakirə olunub. Xarici siyasətdə ölkələrimiz beynəlxalq hüququn aliliyi, suverenlik və daxili işlərə müdaxilə edilməməsi prinsiplərinə qətiyyətlə tərəfdardırlar.

 

Rusiya Azərbaycan-Ermənistan sülh sazişinin bağlanmasına kömək edəcək

 

Rusiya və Azərbaycan çoxtərəfli platformalar daxil olmaqla, həmçinin BMT və Müstəqil Dövlətlər Birliyində öz səylərini sıx əlaqələndirirlər. Bu ilin oktyabrında İlham Heydər oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşdə görməyə şad olacağıq.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirdik. Vurğulayım ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020–2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq.

Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir.

Sonda bir daha vurğulamaq istərdim ki, biz səfərin yekunlarından tamamilə məmnunuq. Əminəm ki, bu gün aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcəkdə də möhkəmlənməsinə xidmət edəcək.